TƏHSİL İŞÇİLƏRİNİN SENTYABR KONFRANSI

Zəngin təhsil ənənələrinə malik şəhər 2 nömrəli orta məktəb liseydə rayonun təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilmişdir.
Konfransa toplaşanlar, başda rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyev, Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi Sahib Mənsimov, rayonun bir qrup təhsil işçiləri, idarə, müəssisə rəhbərləri əvvəlcə Ulu Öndərimizin abidəsi önünə tər gül-çiçək qoyaraq hörmət və ehtiramlarını bildirdilər.
Sonra konfrans iştirakçıları şəhər 2 nömrəli tam orta məktəb-liseyin foyesində şagirdlərin bilik və bacarıqlarını nümayiş etdirən əl işlərindən ibarət sərgi ilə tanış oldular. Konfransda “2010-2011-ci dərs ilinin yekunları və yeni dərs ilində qarşıda duran vəzifələr” mövzusunda məruzə edən rayon təhsil şöbəsinin müdiri Məmməd Xasıyev respublikamızda, o cümlədən rayonumuzda təhsilin inkişafı ilə bağlı həyata keçirilən genişmiqyaslı tədbirlərdən danışdı. Ötən dərs ilində təhsil işçilərinin əldə etdiyi uğurlardan söz açdı.
Ötən tədris ilində Respublika Prezidenti İlham Əliyevin sərəncamı ilə keçirilən “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” müsabiqəsində uyğun olaraq şəhər 1 nömrəli tam orta məktəbi və 2 nömrəli tam orta məktəb-liseyin müəllimi Nazlı İsmayılova qalib gəlmişlər.
M.Xasiyev məruzəsində ali məktəblərə qəbulun yekunlarına da geniş yer verərək göstərdi ki, bu il rayonun tam orta məktəblərinin Azərbaycan və rus bölmələrini bitirmiş 450 nəfər məzundan 342 nəfəri ali məktəblərə qəbul imtahanlarında iştirak etmişdir. Onlardan da 156 nəfəri tələbə adını qazanmışdır. 16 nəfər məzun 600-dən, 49 nəfəri isə 500-dən yüksək bal toplamışdır ki, bu göstərici də əvvəlki illərlə müqayisədə xeyli yüksəkdir.
TQDK-nın verdiyi məlumata görə rayonumuzun məzunların ana dili, riyaziyyat, fizika, kimya, biologiya, coğrafiya fənləri üzrə qəbul imtahanlarından əldə etdikləri nəticələr respublika üzrə orta göstəricidən xeyli yüksəkdir. Ən yüksək təlim müvəfəqiyyətinə nail olmuş respublikamızın məktəbləri sırasına şəhər 1,2,5 nömrəli, Qum, Cəlayer, Tasmalı, Qaşqaçay kənd tam məktəbləri daxil edilmişdir.
Təhsil Nazirliyinin nümayəndəsi S.Mənsimov çıxış edərək respublikamızda təhsilin səviyyəsinin daha da yüksəldilməsi üçün həyata keçirilən tədbirlərdən, qarşıda duran vəzifələrdən söz açdı, təhsil işçilərinə nazirliyin tövsiyələrini çatdırdı.
Konfransda çıxış edən Qax RİH-in başçısı M.Şəkiliyev Ulu Öndərimiz Heydər Əliyevin ölkəmizdə təhsilin inkişafı və milli kadrların hazırlanmasındakı misilsiz xidmətlərindən danışdı. Qeyd etdi ki, Ulu Öndərimizin ölkəmizdə təhsilin inkişafı ilə bağlı ideyaları hazırda Respublika Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilir. Hər il respublikamızda yüzlərlə yeni təhsil ocaqları tikilərək istifadəyə verilir və ya əsaslı təmir olunur.
Tədbirdə konfrans iştirakçıları tərəfindən Respublika Prezidenti İlham Əliyevə müraciət və deyilmiş tənqidi qeydlərin aradan qaldırılması, təhsilin səviyyəsinin daha da yüksəldilməsi üçün müvafiq qərar qəbul olundu.