Qax Rayon İcra Hakimiyyətinin rəsmi saytı
Rayonumuzun zəngin təhsil ənənələrini yaşadan qabaqcıl maarif ocaqlarından biri də şəhər 4 №-li tam orta məktəbdir. Müəllimlərin yaradıcılığına, işgüzarlığına, şagirdlərin intelektual səviyyəsinə görə sayılıb- seçilən bu məktəbin yetirmələri arasında onlarla tanınmış, elm, mədəniyyət, incəsənət işçiləri, pedaqoqlar, dövlət məmurları, iş adamları, ixtiraçılar vardır. Hazırda məktəbin məzunlarından 5 nəfəri Prezident təqaüdçüsüdür. Son 3 ildə şagirdlərin 3 nəfəri Beynəlxalq, 10 nəfəri respublika müsabiqələrinin qalibi olmuş, 4 nəfəri respublika fənn olimpiadalarında mükafat almışlar. Məktəbin bir müəllimi “Əməkdar müəllim adına, iki müəllim “Qabaqcıl təhsil işçisi” döş nişanına, iki müəllim Təhsil Nazirliyinin fəxri fərmanına layiq görülmüşdür.
Bu günlər kollektiv daha bir xoş xəbər almışdır. Məktəbin müəllimi Əfəndiyeva Məmləkət Qiyas qızı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 3 oktyabr 2011- ci il tarixli sərəncamı ilə təhsilin inkişafında xidmətinə görə “Tərəqqi” medalı ilə təltif olunmuşdur.