Qax Rayon İcra Hakimiyyətinin rəsmi saytı
Noyabrın 16-da Azərbaycan Prezidenti İlham Əliyev Qax şəhərində, Qaxingiloy və Qaxbaş kəndlərində yenidən qurulan su-kanalizasiya sisteminin təməlqoyma mərasimində iştirak etmişdir.İnşaatçılar dövlətimizin başçısını hərarətlə qarşıladılar. Azərbaycan Prezidenti Qax şəhərinin su təchizatı və kanalizasiya sistemləri kompleksinin planına baxdı. “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov məlumat verdi ki, Qax şəhəri, Qaxingiloy və Qaxbaş kəndlərinin su-kanalizasiya sisteminin yenidən qurulması layihəsinə əsasən, burada ilkin mərhələdə tutumu min kubmetr olan su anbarı inşa ediləcəkdir. Sonrakı mərhələlərdə isə 1000 kubmetrlik dörd su anbarı tikiləcək, kanalizasiya xətləri çəkiləcəkdir. Qaxbaşı su anbarına Hamamçay körpüsünün yaxınlığındakı üç bulaqdan 8 min 300 metr uzunluğunda polietilen borularla su xətti çəkiləcəkdir. Beş hektar ərazidə sutəmizləyici qurğu inşa olunacaqdır. Sonuncu mərhələdə isə Qax şəhərinin mövcud yaşayış sahələrində, o cümlədən Qaxbaş və Qaxingiloy kəndlərində su və kanalizasiya xətləri yenidən qurulacaqdır. Sistemin inşası 2013-cü ildə yekunlaşdırılacaqdır.