AZƏRBAYCAN
2011-Cİ İLİN - TURİZM İLİNİN YEKUNU İLƏ ƏLAQƏDAR TƏDBİR KEÇİRİLMİŞDİR
Son illər rayonumuzun turizm imkanları daha da genişləndirilmişdir.
“Yaşıl park” turizm və istirahət mərkəzində “Turizm ili”nin yekunlarına həsr olunmuş tədbir keçirilmişdir.
Tədbirdə rayon İcra Hakimiyyətinin nümayəndələri, rayonda fəaliyyət göstərən turizm obyektlərinin, xidmət təşkilatlarının, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayonun mədəniyyət işçiləri iştirak etmişlər.
Musiqi sədaları altında, süfrə arxasında keçən tədbirdə məruzə ilə çıxış edən rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Nəzir Omarov “Turizm ili” çərçivəsində rayonda həyata keçirilən tədbirlər barədə ətraflı məlumat vermişdi. Qeyd etmişdir ki, yola salmağa hazırlaşdığımız 2011-ci ilin – “Turizm ili”nin ən əlamətdar, yaddaqalan hadisəsi hörmətli Prezidentimizin iştirakı və xeyir-duası ilə iki böyük turizm mərkəzinin müasir standartlara cavab verən beşulduzlu “El Resort” turizm obyektinin açılışıdır. 2011-ci ildə yeni “Səngər qala” turizm mərkəzi də istifadəyə verilmiş, digər turizm obyektlərində də xeyli təmir-bərpa, quruculuq işləri aparılaraq maddi-texniki bazası möhkəmləndirilmişdir. N.Omarov rayonda kənd yaşıl, müalicə və istirahət turizminin də inkişafı ilə bağlı həyata keçirilən tədbirlərdən danışmış, gələcəkdə mövsümi ovçuluq, atçılıq, dağ və qış turizminin inkişafı üçün görüləcək işlərdən söz açmışdır. Qeyd etmişdir ki, il başa çatsa da turizmin inkişafı ilə bağlı müvafiq tədbirlər davam edir.
Tədbirdə digər çıxış edənlər turizmin inkişafı ilə bağlı görülən işlərdən və qarşıda duran vəzifələrdən geniş söz açmış və bu vacib sahənin inkişafı üçün rayonda həyata keçirilən infrastruktur layihələrinin, tikinti-quruculuq, abadlıq işlərinin əhəmiyyətindən danışmışlar.
Tədbiri yekunlaşdıran RİH başçısının müavini İlqar Abbasov “Turizm ili” ərzində rayonda görülən işləri, turizm obyektlərinin fəaliyyətini yüksək qiymətləndirməklə rayona daha çox turist axınına nail olmaq üçün yerli əhalinin müvafiq istiqamətdə maarifləndirilməsinin, ticarət və iaşə xidmətinin yüksəldilməsinin, tarixi keçmişimizin təbliği ilə bağlı təşviqat işinin gücləndirilməsinin vacibliyindən danışmışdır. Qeyd etmişdi ki, 2001-ci il – “Turizm ili” başa çatsa da növbəti illərdə qarşıda turizmin inkişafı ilə bağlı daha mühüm vəzifələr durur. İ.Abbasov çıxışının sonunda bir çox turizm mərkəzlərinin kollektivlərinə rayonda turizmin inkişafındakı xidmətlərinə görə RİH-in fəxri fərmanlarını və qiymətli hədiyyələrini təqdim etmişdir.