AZƏRBAYCAN
QAX RAYON QORAĞAN KƏND TİBB MƏNTƏQƏSİNİN AÇILIŞI
14 aprel 2010-cu il tarixdə Qax rayonu Qorağan kənd tibb məntəqəsinin tikintisi layihəsinin açılış mərasiminə həsr olunmuş tədbir keçirilmişdir.
Açılış mərasimində iştirak etmək üçün Yaponiya hökümətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Masamitsu Oki və səfirliyin nümayəndələri, Azərbaycan İcma İnkişaf Mərkəzi milli QHT-nin icraçı direktoru Yasin Dadaşov rayonumuza qonaq gəlmişlər.
Qonaqları Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev və rayon ictimaiyyətinin nümayəndələri gül-çiçək dəstələri ilə qarşılamışlar.
Qonaqlar əvvəlcə Ulu Öndərimiz Heydər Əliyevin abidəsi önünə tər-çiçək dəstələri qoyaraq xatirəsini ehtiramla yad etmişlər.
Tədbiri giriş sözü ilə Yasin Dadaşov açaraq bugünki Azərbaycan dövlətinin iqtisadi cəhətdən güclənməsindən, bu sahədə rayonda Yaponiya dövlətinin həyata keçirdiyi layihələrdən danışmışdır.
Sonra RİH başçısı öz çıxışında Yaponiya və Azərbaycan dövlətlərinin münasibətlərindən söz açmış, Yaponiya səfirliyinə belə möhtəşəm səhiyyə ocağının tikilib əhalinin istifadəsinə verilməsinə görə öz təşəkkürünü bildirmişdir.
Sonda tibb məntəqəsinin açılış lenti kəsilmiş və binaya baxış keçirilmişdir.
Qonaqlar tədbirdən sonra Qaxın gözəl guşələrindən biri olan Ləkit kəndində yerləşən tarix və mədəniyyət abidələrinə və Ləkit şəlaləsinə səyahət etmişlər.