AZƏRBAYCAN
Qaxda “Ailə bayramı” keçirildi
“Sağlam ailə - sağlam cəmiyyətin əsasıdır” fikrinə yüksək həssaslıqla yanaşan ulu öndər Heydər Əliyev ailə dəyərlərinin qorunmasının vacibliyini vurğulayaraq deyirdi: “Azərbaycan xalqının milli ənənələrindən biri də ondan ibarətdir ki, uşağa diqqət, qayğı hər bir ailənin, hər bir insanın əsas vəzifəsi, mənəviyyatımızın əsas hissəsi olubdur”.
Məhz Respublika Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin xətti ilə aparılan çoxsaylı işlər, həyata keçirilən tədbirlər bu ənənələrin qorunmasına xidmət göstərir.
Hər il 15 May Beynəlxalq Ailə Günü münasibətilə silsilə tədbirlər və yekun olaraq Ailə Bayramının keçirilməsi ənənə şəklini almışdır.
2008-ci ildə Şamaxıda, 2009-cu ildə Lənkəranda keçirilmiş “Ailə bayramının bu ilki ev sahibi Qax rayonu idi. Məqsəd bu rayonda özünəxas xüsusiyyətlərini, ailə dəyərlərini, intellektual səviyyəsinin gözəl təbiətini, mədəniyyəti, turizmi respublika səviyyəsində nümayiş etdirmək və ondan bəhrələnmək idi.
Bayram mərasimi rayonun ən dilbər guşələrindən biri olan İlisu kəndinin könül oxşayan “Yaşıl park” istirahət – turizm mərkəzində düzənlənmişdi.
Tədbirdə hər bir rayon öz nümunəvi ailəsi ilə təmsil olunurdu.
Tədbirin başlanmasından əvvəl AQUPDK-nın sədri Hicran xanım Hüseynova, RİH başçısı Musa Şəkiliyev və iştirakçılar şəhərin mərkəzi meydanında Ulu Öndərin abidəsi önünə gül-çiçək qoydular.
Nikaha yenicə daxil olacaq bəy və gəlini gətirən faytonun gəlişi bayramın başlanmasını xəbər verdi. Aparıcı tədbiri açaraq hamını bayram münasibətilə təbrik etdi.
RİH başçısı M.Şəkiliyev ölkədə “Ailə - dövlətin təməlidir” prinsipi istiqamətində aparılan məqsədyönlü işlərdən, cənab Prezident İlham Əliyev tərəfindən Ulu Öndərin bu uğurda gördüyü işlərin davam etdirilməsindən danışdı. Qonaqları və bayram iştirakçılarını gözəl gün münasibətilə təbrik edib ən səmimi arzularını bildirdi.
AQUPDK sədri H. Hüseynova qeyd etdi ki, milli-mənəvi dəyərlərimizin birincisi olan ailə dəyərlərinə ölkə başçısı tərəfindən yüksək önəm verilir, diqqət və qayğı göstərilir.
Hər il Ailə Günü ilə bağlı Ailə Bayramının keçirilməsi, orada nümunəvi ailələrin iştirakının təmini buna nümunədir.
Sonda Hicran xanım bütün Azərbaycanlı ailələrinə uzun ömür, mehribanlıq, xoşgünlər arzuladı.
Bayramda Ləkit kəndindən olan 60 il birgə ömür sürən, 9 övlad sahibi Brilyant toylarını keçirən Məcid baba və Məryəm ana, bayram günündə nikaha daxil olan bəy və gəlinə, çoxuşaqlı Hacıyevlər ailəsinə Komitə və RİH tərəfindən qiymətli hədiyyələr verildi və onlarla xatirə şəkilləri çəkdirildi.
Tədbirdə respublikanın incəsənət ustaları və şəhər incəsənət məktəbinin “Tumurcuq” rəqs kollektivi maraqlı proqramla çıxış etdi.
Bayram şənliyi bir neçə saat davam etdi.