AZƏRBAYCAN
QAXDA III KİTAB BAYRAMI
May ayının 19-da Qaxda “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”nın icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin 16.04.2010-cu il tarixli 925/03 nömrəli əmrinə əsasən rayon Mədəniyyət və Turizm şöbəsinin təşkilatçılığı ilə “Kitab-intellektin açarıdır” adlı III Kitab bayramı keçirilmişdir.
Tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin Mərkəzi meydandakı abidəsi önünə gül-çiçək dəstələri qoyduqdan sonra S.Vurğun adına rayon Mədəniyyət evinin qarşısında “H.Əliyev və Azərbaycan”, “Xalqa, Vətənə, dövlətə sədaqət”, “Qax-80”, “Tarixin qan yaddaşı”, “Qax abidələri”, “Milli-mənəvi dəyərlərimiz” və s başlığı altında 300-ə dək kitab və qədim əlyazmalardan ibarət təşkil edilmiş sərgi ilə tanış olmuşlar.
Bayram tədbirini giriş sözü ilə rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri N.Omarov açaraq qonaqları və iştirakçıları salamlamış, onları təbrik etmişdir.
RİH başçısı Musa Şəkiliyev tədbirin əhəmiyyətini qeyd edərək, kitabxana işi sahəsində ölkə Prezidentinin diqqət və qayğısından, kitabın və informasiyanın insan həyatındakı rolundan danışmış, tədbir iştirakçılarına səmimi arzularını çatdırmışdır.
Mərasimdə Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi A.Abdullayeva, mərkəzləşdirilmiş kitabxana sisteminin direktoru G.Əhmədova, qaxlı yazarlar G.Paçxataşvili, A.Şahmir və Qax bələdiyyəsinin sədri E.Orucov çıxış edərək bayram iştirakçılarını təbrik etmişlər.
Rayon Mədəniyyət evi, Qax Dövlət Kukla Teatrı kollektivlərinin və məktəblilərin hazırladıqları şən mahnı, dialoq və səhnəciklər iştirakçılara xoş ovqat bəxş etmişdir.