AZƏRBAYCAN
DÖVLƏT QULLUQÇULARININ PEŞƏ BAYRAMI QEYD EDİLMİŞDİR
Dövlət qulluqçularının peşə bayramı günü münasibətilə Qax Rayon İcra Hakimiyyətinin akt zalında yığıncaq keçirilmişdir.
Yığıncaq iştirakçıları əvvəlcə mərkəzi meydanda Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tər çiçək dəstələri qoyaraq, dahi rəhbərə sonsuz ehtiramlarını bildirmişlər.
Tədbiri rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tahir İsmayılov açaraq dövlət qulluqçularını peşə bayramı münasibətilə təbrik etmiş, Azərbaycan Prezidenti İlham Əliyevin dövlət qulluğu sahəsində çalışanların fəaliyyətini daim yüksək qiymətləndirdiyini minnətdarlıq hissi ilə qeyd etmişdir.
Çıxış edənlər dövlət qulluğunda çalışanların rayonun ictimai-siyasi, iqtisadi, sosial və mədəni həyatında fəal mövqe tutduqlarını vurğulamış, Prezident İlham Əliyevin 22 iyun 2010-cu il tarixli Sərəncamı ilə uzun müddət dövlət qulluğunda səmərəli fəaliyyət göstərdiyinə görə Qax rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tahir İsmayılovu III dərəcəli “Vətənə Xidmətə görə” Orden ilə təltif edilməsi münasibətilə təbrik etmişlər.
Tədbirin sonunda dövlət qulluğunda fərqlənənlərin bir qrupuna Fəxri fərmanlar və pul mükafatı təqdim edilmişdir.