AZƏRBAYCAN
QAXDA MİLLİ MƏTBUAT GÜNÜ QEYD EDİLDİ
Qax rayon İcra Hakimiyyətinin akt zalında Azərbaycan Milli Mətbuatının 135 illiyi, 22 iyul - Milli Mətbuat Günü ilə əlaqədar tədbir keçirilmişdir.
Tədbirdən əvvəl rayon rəhbərliyi və ictimaiyyətin nümayəndələri Mərkəzi meydanda Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq, onun xatirəsini ehtiramla yad etmişlər.
Tədbiri giriş sözü ilə Qax rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev açaraq yubiley münasibətilə jurnalistləri təbrik etmiş, 135 illik tarixə malik Azərbaycan mətbuatının bu gün üzərinə düşən missiyanın öhdəsindən layiqincə gəldiyini bildirmişdir.
Natiq son illər Azərbaycanın bütün sahələr üzrə dinamik inkişaf etdiyini, Azərbaycan dövlətinin Kütləvi İnformasiya Vasitələrinin inkişafına xüsusi diqqət göstərdiyini vurğulamışdır.
Sonra RİH İctimai təşkilatlar və Siyasi partiyalarla iş şöbəsinin müdiri Məhərrəm Məhərrəmovun “Milli mətbuat xalqımızın milli xəzinəsidir” mövzusunda məruzəsi dinlənilmişdir.
Məruzədə və çıxışlarda milli mətbuatımızın zəngin və şərəfli yoluna nəzər salınmış, Ulu Öndər Heydər Əliyevin jurnalistlərə göstərdiyi diqqət və qayğının bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən geniş bəhs edilmişdir.
Sonda mətbuat nümayəndələrinə qiymətli hədiyyələr təqdim olunmuşdur.