Təhsil
Rayon Təhsil Şöbəsinin 2010-cu ildə gördüyü işlər
Rayon təhsil şöbəsi ötən təqvim ilində təhsilin inkişaf etdirilməsi, onun keyfiyyətinin yaxşılaşdırılması sahəsində bir sıra işlər görmüşdür. Bu zaman Azərbaycan Respublikasının Təhsil Qanunu, Təhsil İslahatına dair Dövlət Proqramı, Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Hökuməti və Təhsil Nazirliyinin milli təhsilimizin gələcəyinə xidmət edən hüquqi normativ sənədlərin tələbləri əsas götürülmüşdür.
Hesabat dövrü ərzində rayonda 57 ümumtəhsil məktəbi, 5 məktəbdənkənar tərbiyə müəssisəsi, 36 uşaq bağçası fəaliyyət göstərmişdir. Rayonun ümumtəhsil məktəblərində 7786 nəfər şagirdin təlim-tərbiyəsi ilə 1307 nəfər müəllim məşğul olur. Məktəbdənkənar tərbiyə müəssisələrinə 3499, məktəbəqədər tərbiyə müəssisələrində 1885 uşaq cəlb eilmişdir.
Rayon təhsil şöbəsi il ərzində icbari təhsilin yerinə yetirilməsini, yeni tədris planlarının tətbiqini, tədris prosesinin təkmilləşdirilməsini, şagirdlərin mənəvi tərbiyəsinin formalaşmasını, onların ümummilli liderimiz H.Əliyevin həyat və fəaliyyəti nümunəsində tərbiyəsini, prezidentimizin təhsillə bağlı sərəncamlarının icrasını diqqət mərkəzində saxlamışdır.
2009-2010-cu dərs ilinin yekun mərhələsi olan IX və XI siniflərdəki buraxılış imtahanları uğurla başa çatmışdır. Təhsil nazirinin əmri ilə keçirilən, mərkəzləşmiş qaydada aparılmış test buraxılış imtahanlarında IX siniflər üzrə 957 nəfər, XI siniflər üzrə 645 nəfər şagird buraxılmışdır. İmtahanların nəticələrinə əsasən IX sinf şagirdlərindən 895, XI sinif şagirdlərindən isə 584 nəfər şagird müvəffəq qiymət almışdır. IX sinif şagirdləri 94,4%, XI sinif şagirdləri isə 90,6% müvəffəqiyyət göstərmişdir. Cari dərs ilində I sinfə 650, X sinfə isə 591 nəfər şagird qəbul olunmuşdur.
Dərs ilinin yekunlarına görə 652 nəfər şagird Isinifdən II sinfə, 892 nəfər isə IX sinifdən X sinfə keçmişdir. 895 nəfər ümumi orta təhsil haqqında şəhadətnamə, 584 nəfər şagird isə tam orta təhsili başa vurmalarına dair attestat almışdır. Yay tapşırığı alanların sayı 10, təkrar sinifdə saxlanılanların sayı 19, payız imtahanlarına qalanların sayı isə 43 nəfər olmuşdur. Rayon üzrə 7362 nəfər şagirdin biliyinə qiymət verilmiş, onlardan 2709 nəfəri “4” və “5” qiymətlərlə oxumuş, əlaçıların sayı 1211 nəfər olmuşdur. 143 nəfər “qeyri-kafi” qiymət almışdır. Rayon üzrə müvəffəqiyyət 98,1%, keyfiyyət isə 36,3 (keçən il 33,4) % təşkil etmişdir.
İcbari Təhsil Qanununun icrasını təmin etmək məqsədilə rayon ərazisində yaşayan 6-16 yaşlı uşaqların siyahısı dəqiqləşdirilmişdir. Məcburi köçkün ailələrindən olan 111 nəfər təhsillə əhatə olunur. 75 nəfər şagird isə xəstəliyi ilə əlaqədar fərdi təlimə cəlb olunmuşdur.
Hesabat dövrü ərzində rayonun təhsil müəssisələrində Azərbaycan RTN –nin “Təhsil sahəsində müasir yanaşmaların təşəkkülü ilinin davamı” ilə bağlı əmrinə müvafiq iş aparılmış, “İlin ən yaxşı məktəbi”, “İlin ən yaxşı müəllimi”, “İlin ən yaxşı pedaqoji mühazirəçisi “, “İlin ən yaxşı şagirdi”, “İlin ən yaxşı fənn kabineti” və digər müsabiqələr keçrilmişdir.
Respublika prezidenti İ.Əliyevin sərəncamı ilə üçüncü dəfə keçirilən “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” müsabiqələrinin nəticələri ümumi təhsil sistemində pedaqoji innovasiyaların, beynəlxalq təcrübənin sınaqdan çıxmış metodlarının geniş yayıldığını və uğurla tətbiq olunduğunu bir daha sübut etmişdir. Rayonumuzu həmin müsabiqədə Qax şəhər 5 saylı orta məktəbi təmsil etmiş və müsabiqənin qalibi olmuşdur.
Təhsil nazirinin müvafiq əmrinə əsasən I siniflərdə işləyəcək ibtidai sinif müəllimləri üçün kurikulum proqramı üzrə öyrədici kurslar təşkil edilmişdir. Həmin kurslarda 97 nəfər müəllimin iştirakı təmin edilmiş, onlar fənn kurikulumları əsasında təlimin planlaşdırılması, yeni qiymətləndirmə mexanizminin tətbiqi, yeni dərsliklərlə işin xüsusiyyətləri və s. üzrə zəruri bilik və bacarıqlara yiyələnmişlər.
“2008-2012-cu illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi və “Mədəd” təşkilatı ilə birlikdə rayonun ümumtəhsil məktəblərinin pedaqoji heyəti üçün təlim kursları keçirilməsi davam etdirilir.
Bu proqrama uyğun olaraq rayonun şəhər 1,2,3,4,5 saylı, İlisu, Qaxbaş kənd 2 saylı, Qum, Turaclı, Almalı orta məktəbləri və rayon təhsil şöbəsinin sürətli internet şəbəkəsinə qoşulması həyata keçirilmişdir.
2009-2010-cu dərs ilində “Xüsusi istedada malik uşaqların yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı”nın tələblərinə uyğun iş aparılmışdır. Vaxtaşırı məktəblilər arasında fənn olimpiadaları , bilik yarışları, inşa yazı, şer, mahnı, rəsm müsabiqələri keçirilmiş, idman tədbirləri təşkil olunmuşdur. Fənn olimpiadalarının rayon turunun qalibi olmuş 7 nəfər şagirdimiz olimpiadaların respublika turunda rayonumuzu təmsil etmiş, onlardan 4 nəfəri: Elmira Verdiyeva (Zəyəm orta məktəbi- IX sinif, fənn müəllimi Gülbənd Verdiyeva ) Azərbaycan dili və ədəbiyyatı, İsgəndər İsgəndərov (şəhər 2 saylı orta məktəb – XI sinif,fənn müəllimi Gültəkin Şirinova) Azərbaycan tarixi, Abdullazadə Esmira (şəhər 5 saylı orta məktəb – IX sinif, fənn müəllimi Tağıyeva Həlimə), Aslanlı Orxan (şəhər 5 saylı orta məktəb – X sinif, Tağıyeva Həlimə) – biologiya fənni üzrə respublika IV –sü olmuşdur.
Uşaq Yaradıcılıq Mərkəzinin dərnək üzvü Səlfinaz Şabanova “Kiçik yaşlı məktəblilərin əl işlərinə baxış” respublika müsabiqəsində, şəhər 1 saylı orta məktəbin III sinif şagirdi Günel Paşayeva “Xoşbəxt uşaqlar” mövzusunda keçirilən inşa yazı müsabiqəsində I yerin sahibi olmuşlar. “Özfəaliyyət kollektivlərinə baxış” respublika müsabiqəsinin iştirakçısı olmuş şəhər 4 saylı orta məktəbin şagirdləri Gülgün Cumazadə, Əfsanə Bilalova, Əsgər Paşayev, şəhər 5 saylı orta məktəbin şagirdi Mələk Əhmədova, 2 saylı məktəbin şagirdi Gülşən Qaracayeva və məktəbin xor kollektivi müvəffəqiyyətli çıxışlarına görə təşkilat komitəsinin diplom və fəxri fərmanları ilə təltif olunmuşdur.
“Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda respublika rəsm müsabiqəsində 2 saylı orta məktəbin şagirdi, Uşaq Yaradıcılıq Mərkəzinin dərnək üzvü Solmaz Əfəndiyeva I yerə layiq görülmüşdür. Həmin məktəbin IX sinif şagirdi Gülay Yusifli ümumdünya poçt ittifaqının təşkilatçılığı ilə “Azərpoçt” MMC tərəfindən keçirilən inşa müsabiqəsində II yer tutaraq fəxri fərman və pulla mükafatlandırılmış, XI sinif şagirdi Günel Məmmədova isə “Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda respublika inşa yazı müsabiqəsinin iştirakçısı olmuş və diplomla təltif edilmişdir. Şəhər 3 saylı orta məktəbin şagirdi Fərman Əhmədzadənin düzəltdiyi raket modeli respublika baxış müsabiqəsində III olmuşdur. “Yaşıl Azərbaycan” respublika foto müsabiqəsində Ləkit kənd orta məktəbinin şagirdi Fuad Şixəmirov I yerə layiq görülmüşdür.
Rayonumuzun idman şərəfini respublika, Avropa və dünya birinciliklərində uğurla təmsil etmiş şəhər 1 saylı orta məktəbin şagirdi, rayon şahmat məktəbinin yetirməsi Xanım Balacayeva iki çempionluq titulu qazanmışdır. O həm 10 yaşadək qızlar arasında keçirilən şahmat yarışında respublika çempionu, həm də Türkiyənin Kayseri şəhərində keçirilən 9 yaşadək qızlar arasında yarışda dünya çempionu olmuşdur. X.Balacayevanı böyük qələbəyə görə təbrik edir, şahmat dünyasında daha yüksək nəticələrə nail olmasını arzulayırıq.
Məktəblilərimiz digər idman tədbirlərində də uğurla çıxış etmişlər. Şəhər 2 saylı orta məktəbin “Şahin”, şəhər 4 saylı orta məktəbin “Cəsurlar” komandaları rayon və zona turlarının qalibi kimi respublika birinciliyində rayonumuzun idman şərəfini uğurla təmsil etmişlər. Almalı kənd orta məktəbinin “Sərhəd” komandası rayon turunun qalibi, zona turunun ikincisi olmuşdur.
“Ekologiya ili” çərçivəsində Bakı şəhərində ekologiya və qlobal fəlakətlərdən çıxış yollarından bəhs edən Beynəlxalq Ətraf Mühitin Mühafizəsi IV layihə olimpiadasında iştirak edən şəhər 4 saylı orta məktəbin Xa sinif şagirdi Aytən Camallı və IXa sinif şagirdi Fəridə Gilmizliyevanın təqdim etdiyi layihə münsiflər heyəti tərəfindən bəyənilmiş, hər iki şagirdimiz olimpiadanın sertifikatı və hədiyyələri ilə təltif olunmuşdur.
Rayon Gənclər və İdman İdarəsilə, Hərbi Komissarlıqla birlikdə hazırladığımız kütləvi idman tədbirləri üzrə iş planına əməl olunmuş, “Vətənin müdafiəsinə hazıram” ümumrespublika testinin tələblərinə uyğun iş aparılmışdır.
Sinifdənxaric və məktəbdənkənar tədbirlərin həyata keçirilməsi zamanı şagirdlərin ideya, əxlaq, əmək, estetik, ekoloji, fiziki və vətənpərvərlik tərbiyəsi sahəsindəki işə xüsusi diqqət yetirilmişdir. Dərs ili ərzində təhsil müəssisələrində Azərbaycan Respublikası Dövlət rəmzlərinin, Azərbaycan Respublikası Konstitusiyasının, Uşaq Hüquqları haqqında Qanunun, Ulu öndər H.Əliyev irsinin öyrədilməsi və təbliği işi davam etdirilmişdir. İl boyu şagirdlərlə hüquqi biliklərin dərinləşdirilməsi, şagirdlər arasında hüquq pozuntuları və cinayətkarlıq hallarının qarşısının alınması, narkomaniya və digər zərərli vərdişlərdən uzaqlaşdırılması kimi məsələlərlə bağlı iş aparılmışdır. Rayonun hüquq mühafizə orqanları, səhiyyə işçiləri, ictimaiyyətin nümayəndələri ilə görüşlər, disputlar, söhbətlər, “dəyirmi masalar”, gecələr təşkil edilmişdir.
“Ekologiya ili” çərçivəsində rayon icra hakimiyyətinin başçısı hörmətli Musa Şəkiliyev cənablarının imzaladığı sərəncamla keçirilən “Ən təmiz, abad, gözəl küçə və kənd” müsabiqəsində təhsil işçilərinin, şəhərdəki ümumtəhsil məktəbləri müəllim və şagirdlərinin xüsusi əməyi olmuşdur. Müsabiqə başlanandan ümumrayon iməciliklərində onların səyi ilə şəhərdəki yeni salınan parklarda xeyli səliqə-sahman və abadlıq işləri görülmüş, bəzək ağacları, gül kolları əkilmişdir.
Rayon təhsil şöbəsi ilboyu ümumtəhsil məktəblərində təlimin keyfiyyətinin yüksəldilməsi məsələsini ciddi nəzarətdə saxlamışdır. Bu məqsədlə şagirdlərin bilik, bacarıq və vərdişlərinin faktik vəziyyətini, habelə müəllimlərin elmi-nəzəri və peşəkarlıq səviyyəsini aşkara çıxarmaq və qiymətləndirmək məqsədilə rayonun şəhər 1 saylı, Şotavar, Lələli, Əmbərçay, Tanqıt, Qazmalar, Amanlı, Armudlu, Qındırğa, Şıxlar ibtidai məktəblərində , Cəlayir, Şotavar, şəhər 1 saylı uşaq bağçalarında frontal və müxtəlif mövzularda tematik yoxlamalar, test- yoxlama imtahanları keçirilmiş, nəticələri şura iclasında müzakirə olunaraq təhlil edilmişdir. Aşkar olunan nöqsanların aradan qaldırılması üçün pedaqoji kollektivlərə əməli köməklik göstərilmişdir.
Təhsil müəssisələrinin işini elmi cəhətdən əlaqələndirib onların fəaliyyətinə nəzarət edən qurum kimi rayon təhsil şöbəsi yanında şura fəaliyyət göstərmişdir. Hesabat ili ərzində təhsil şurasının və aparatyanı müşavirənin 10 iclası keçirilmiş, həmin iclaslarda 58 məsələnin müzakirəsi aparılmaqla, müvafiq qərarlar qəbul edilmişdir. Vaxtaşırı verilmiş şura qərarlarının icrası yoxlanılmış inspektor və metodistlərin yerlərə planlı gedişləri təşkil olunmuşdur.
Müəllimlərin vəzifə funksiyalarının yerinə yetirilməsinə diqqət artırmalarını təmin etmək, onların fəaliyyətlərini öyrənmək, metodiki hazırlıqlarını, peşəkarlıq səviyyəsini yüksəltmək məqsədilə zona və məktəb metodbirləşmələri xətti ilə seminarlar, açıq dərslər, elmi-nəzəri, elmi-praktik konfranslar keçirilmişdir.
Metodbirləşmələr xətti ilə 135 nəfər müəllimin müasir təlim texnologiyalarının tətbiqinə həsr olunmuş açıq dərsləri keçirilmiş, “dəyirmi masa”lar ətrafında təcrübə mübadiləsi aparılmışdır. 31nəfər müəllimin, 9 nəfər məktəb rəhbərinin ixtisasartırma kursundan keçirilməsi təmin edilmişdir.
Məktəbəqədər tərbiyə proqramının yerinə yetirilməsi vəziyyətini öyrənmək məqsədilə uşaq bağçalarında frontal və tematik yoxlamalar aparılmışdır. Azərbaycan Respublikası Təhsil Nazirinin “Beşyaşlıların məktəbəqədər müəssislərə cəlbi və məktəb təliminə hazırlanmasına dair” təlimatı məktubuna əsasən rayonun ərazisində yaşayan 516 nəfər beşyaşlı uşaqdan 477 nəfəri məktəbəqədər tərbiyəyə cəlb olunmuşdur.
Yeni dərs ili ərəfəsində isə 41 min manat məbləğində zəruri ehtiyac tələb edən vəsaitlərin alınaraq bağçalara çatdırılması təmin etdiriləcəkdir.
2010-cu il üçün respublikanın ali məktəblərinə tələbə qəbulu prosesi başa çatmışdır. Bu il rayonun orta məktəblərinin Azərbaycan və rus bölmələrini bitirmiş 550 nəfər məzundan 383 nəfəri ali məktəblərə qəbul olmaq üçün sənəd vermişdir. İlkin məlumatlara görə sənəd verənlərdən 140 (keçən il 136) nəfəri ali məktəblərə qəbul olunmuşdur. Rayon üzrə 11 nəfər məzun 600-dən çox, 35 nəfər isə 500-700 arası bal toplamışdır. Bu il məzunların topladıqları orta bal 246,1 (keçən il 234,8) olmuşdur.
Yeni dərs ilinə hazırlıqla əlaqədar rayonun təhsil müəssisələrində bir sıra işlər görülmüşdür. Bu məsələyə rayon təhsil şöbəsinin mart ayında keçirilən şura iclasında baxılmış, geniş tədbirlər planı hazırlanaraq təsdiq edilmişdir. Yeni dərs ilinə hazırlıq işinə nəzarət etmək məqsədilə təhsil şöbəsi müdirinin əmri ilə komissiya yaradılmış, təhsil şöbəsinin işçiləri bölgü əsasında məktəblərə təhkim olunmuşlar.
Ötən dərs ilində rayonun təhsil müəssisələrinin təmiri üçün 85 min manat dövlət vəsaiti ayrılmışdır. Həmin vəsait hesabına şəhər 1,5 saylı, Tasmalı, Alatəmir, Lələpaşa, Əmircan məktəblərində, 18 min manat büdcə vəsaiti hesabına isə şəhər 2 saylı, Qapıçay, Əlibəyli məktəblərində təmir işləri aparılmışdır.
Məktəblərin yeni dərs ilinə hazırlığı üçün ayrılmış büdcə vəsaitindən başqa, yerli bələdiyyələrin, pedaqoji kollektivlərin və icra nümayəndəliklərinin yaxından köməkliyi olmuşdur. Bu məqsədlə yerli bələdiyyələr 4604, pedaqoji kollektivlər 8048 manat maliyyə dəstəyi göstərmişdir.
Məktəblərin yeni dərs ilinə nümunəvi hazırlığını təmin etmək məqsədilə təhsil nazirliyindən alınmış 60 adda 24000 ədəd dərslik, zəruri məktəb sənədləri, RİH-nin köməkliyi ilə isə 300 ədəd dəmir soba,təhsil nazirliyindən alınmış 379 ədəd parta, 70 stol, 20 yazı lövhəsi, 47 ədəd şkaf və s. bölgü əsasında yerlərə çatdırılmışdır.
Icbari təhsil fondu hesabına rayonun ümumtəhsil məktəblərində oxuyan 1333 nəfər imkansız, bir və ya hər iki valideynini itirmiş, şəhid və Qarabağ müharibəsi veteranlarının uşaqlarına, valideyn himayəsindən məhrum olmuş şagirdlərə məktəbli formasının, dərs ləvazimatlarının və s. alınıb verilməsi təşkil edilmişdir.