ÜMUMİ MƏLUMAT
Tarixi:
Qax - bu ad haqqında bir neçə fikirlər söylənmişdir. Söylənən fikirlərin ən başlıcası odur ki, “qaq” tayfası bu ərazinin ən qədim tayfalarından biri olmuşdur. Sonralar bu söz “qax” kimi işlənərək bu günümüzə qədər gəlib çatmışdır. Bu ad barəsində elmdə müxtəlif mülahizələr söylənsə də, bir həqiqət bizə məlumdur ki, hələ 3000 il bundan əvvəl, bu ərazidə yaşamış ən iri tayfalardan biri elə qax adlı tayfa idi. Həmin tayfanın bir qolu olan “er” qəbiləsi (“er”, “ər”, yəni cəsur , igid çox olduğundan qəbilədə onlar belə adlanırdı) hələ 2700 il bundan əvvəl xatırlanmışdı. Çox güman ki, qaxlar həmin ərazidə qədim dövrlərdən mövcud olmuşlar və böyük bir ərazidə yaşayırdılar.
Qax adı V əsr hadisələri ilə əlaqədar gürcü mənbələrində xatırlanır. VIII əsrə aid gürcü mənbələrində Qaxin indiki ərazisi Qax-Ubani, yəni Qax obası adlanırdı. Qax adına başqa xalqların toponimiyasında da rast gəlinir: Dağıstanın Qunib dairəsində Qax kəndi, Avar dairəsində Qax kəndi ,Buynaksk dairəsində Qaxısaray xarabalığı, Qaxmataş dağı ,Kürə dairəsində Qaxtsuq kəndi, Qars vilayətinin Ərdəhan dairəsində Qaxıcvari dağı və s. Faktlar göstərir ki, qaxlar Balakən-Şəki zonasında qədim alban tayfalarından biri olmuşdur.Güman ki, qaxlar III-IV əsrlərdə xristianlığı , VIII-IX əsrlərdə isə islam dinini qəbul etmişlər.
Tədqiqatçı alim Nəbi Nəbiyev göstərirki, Qax rayonu çoxlu bağlarla məşhur olduğundan, burada meyvə qurutmaq keçmişdən bəri yerli əhalinin məşğuliyyəti olduğundan bu ad meydana çıxmışdır.
Azərbaycan EA Milli Münasibətlər İnstitutunun elmi işçisi, filologiya elmləri namizədi Rəşid Təhməz oğlu isə Qax sözünün iki kökdən ibarət olduğunu qeyd edir. Yəni “qa” – yaşayış yeri, “ax” – çay yeri, çay məskəni kimi ifadə etməklə ilkin adının “Qaax” olmasını mümkün hesab edir.
İ.Lineviç “Keçmiş İlusu sultanlığı” adlı əsərində İlusu sultanlığının Qax kəndinin qədim adının Torağay adlandırılmasını qeyd etmişdir. Qıpçaq-latın lüğətində “Torağay” sözü çökəklik, Mahmud Kaşğarlının “Divani Lüğəti İttürk” əsərində “Torağay” , “Toruq” kimi verilmişdir və dağlarla əhatə olunmuş gizlin yer və yaxud dağlar arasında gizlənmək üçün yer kimi açıqlanmışdır. Həqiqətəndə Qax rayonu üç tərəfdən dağlarla əhatə olunmuşdur və Qaxın Qıpçaq kəndinin mövcudluğu bu əarazidə V əsrdən burada qıpçaq türk tayfalarının məskunlaşdığını sübut edir.
ƏRAZİSİ VƏ SƏRHƏDLƏRİ:
Azərbaycan Respublikasının şimal-qərbində yerləşir. İnzibati rayon kimi 1930-cu ildə təşkil edilmişdir. 1963-cü ildə ləğv edilərək ərazisi Zaqatala rayonuna verilmiş, 1964-cü ildə yenidən müstəqil rayon olmuşdur.
Rayonun ərazisi 1494 km2- dir.
Şimal-şərqdən Dağıstan Respublikası, cənub-qərbdən Gürcüstan Respublikası, şimal-qərbdən Zaqatala və cənub şərqdən Şəki inzibati rayonları ilə həmsərhəddir. Rayonun şimal və şimal-şərq hissəsi Baş Qafqaz silsiləsinin cənub yamacına, mərkəzi hissə Qanıx-həftəran vadisinə, cənub hissəsi isə Acınohur ön dağlığına daxildir.
Ərazinin hündürlüyü cənubda Acınohur gölü sahilində təqribən 100 m, şimalda Baş Qafqaz silsiləsinin yalında 3480 m-ə çatır. Rayonun baş Qafqaz silsiləsinin cənub yamacına daxil olan dağlıq hissəsi dik və sıldırımlı olub kəskin parçalanmış relyefə malikdir. Bu dağlıq ərazidə Yura və Təbaşir dövrlərinin dəniz mənşəli çöküntüləri yayılmışdır.
ƏHALİSİ:
Əhalisi 54500 nəfər olmaqla 59 yaşayış məntəqəsini(1 şəhər, 58 kənd) özündə birləşdirir. Əhalinin ümumi sayından 12.3 min nəfəri (22.6 faiz) şəhər və 42.2 min nəfəri (77.4 faiz) kənd əhalisi olmaqla 27.8 min nəfərini(51 faiz) qadın, 26.7 min nəfərini (49 faiz) kişilər təşkil edir. Əhalinin 77.3 faizi azərbaycanlılar, 1.0 faizi ləzgilər, 0.2 faiz ruslar, 5.1 faiz zaxurlar, 14.6 faiz gürcülər və 1.8 faiz isə digər millətlərdən olan vətəndaşlardır. Rayonda 17 icra nümayəndəliyi və 20 bələdiyyə fəaliyyət göstərir.
→ Şeyx Mahmud Əfəndi
Şeyx Mahmud Əfəndi XIX əsrin birinci yarısında Qax rayonunun Almalı kəndində anadan olmuşdur. XX əsrin ilk illərində (doğum və ölüm tarixi bilinmir) sürgündə olduğu yerdə-Həştərxanda vəfat etmişdir. O, Çar höküməti dövründə Kazanda ali təhsil almış, kimya, triqonometriya, riyaziyyat və həndəsə üzrə dövrünün görkəmli alimləri səviyyəsinə çatmışdır.
→