• AZE
  • RUS
  • ENG

Qax Rayon İcra Hakimiyyətinin rəsmi saytı


Ümumi məlumat

QAX İNZİBATİ RAYONU

Tarixi:

Qax - bu ad haqqında bir neçə fikirlər söylənmişdir. Söylənən fikirlərin ən başlıcası odur ki, “qaq” tayfası bu ərazinin ən qədim tayfalarından biri olmuşdur. Sonralar bu söz “qax” kimi işlənərək bu günümüzə qədər gəlib çatmışdır. Bu ad barəsində elmdə müxtəlif mülahizələr söylənsə də, bir həqiqət bizə məlumdur ki, hələ 3000 il bundan əvvəl, bu ərazidə yaşamış ən iri tayfalardan biri elə qax adlı tayfa idi. Həmin tayfanın bir qolu olan “er” qəbiləsi (“er”, “ər”, yəni cəsur , igid çox olduğundan qəbilədə onlar belə adlanırdı) hələ 2700 il bundan əvvəl xatırlanmışdı. Çox güman ki, qaxlar həmin ərazidə qədim dövrlərdən mövcud olmuşlar və böyük bir ərazidə yaşayırdılar. Qax adı V əsr hadisələri ilə əlaqədar gürcü mənbələrində xatırlanır. VIII əsrə aid gürcü mənbələrində Qaxin indiki ərazisi Qax-Ubani, yəni Qax obası adlanırdı. Qax adına başqa xalqların toponimiyasında da rast gəlinir: Dağıstanın Qunib dairəsində Qax kəndi, Avar dairəsində Qax kəndi ,Buynaksk dairəsində Qaxısaray xarabalığı, Qaxmataş dağı ,Kürə dairəsində Qaxtsuq kəndi, Qars vilayətinin Ərdəhan dairəsində Qaxıcvari dağı və s. Faktlar göstərir ki, qaxlar Balakən-Şəki zonasında qədim alban tayfalarından biri olmuşdur.Güman ki, qaxlar III-IV əsrlərdə xristianlığı , VIII-IX əsrlərdə isə islam dinini qəbul etmişlər. Tədqiqatçı alim Nəbi Nəbiyev göstərirki, Qax rayonu çoxlu bağlarla məşhur olduğundan, burada meyvə qurutmaq keçmişdən bəri yerli əhalinin məşğuliyyəti olduğundan bu ad meydana çıxmışdır. Azərbaycan EA Milli Münasibətlər İnstitutunun elmi işçisi, filologiya elmləri namizədi Rəşid Təhməz oğlu isə Qax sözünün iki kökdən ibarət olduğunu qeyd edir. Yəni “qa” – yaşayış yeri, “ax” – çay yeri, çay məskəni kimi ifadə etməklə ilkin adının “Qaax” olmasını mümkün hesab edir. İ.Lineviç “Keçmiş İlusu sultanlığı” adlı əsərində İlusu sultanlığının Qax kəndinin qədim adının Torağay adlandırılmasını qeyd etmişdir. Qıpçaq-latın lüğətində “Torağay” sözü çökəklik, Mahmud Kaşğarlının “Divani Lüğəti İttürk” əsərində “Torağay” , “Toruq” kimi verilmişdir və dağlarla əhatə olunmuş gizlin yer və yaxud dağlar arasında gizlənmək üçün yer kimi açıqlanmışdır. Həqiqətəndə Qax rayonu üç tərəfdən dağlarla əhatə olunmuşdur və Qaxın Qıpçaq kəndinin mövcudluğu bu əarazidə V əsrdən burada qıpçaq türk tayfalarının məskunlaşdığını sübut edir.

ƏRAZİSİ VƏ SƏRHƏDLƏRİ:

Azərbaycan Respublikasının şimal-qərbində yerləşir. İnzibati rayon kimi 1930-cu ildə təşkil edilmişdir. 1963-cü ildə ləğv edilərək ərazisi Zaqatala rayonuna verilmiş, 1964-cü ildə yenidən müstəqil rayon olmuşdur. Rayonun ərazisi 1494 km2- dir. Şimal-şərqdən Dağıstan Respublikası, cənub-qərbdən Gürcüstan Respublikası, şimal-qərbdən Zaqatala və cənub şərqdən Şəki inzibati rayonları ilə həmsərhəddir. Rayonun şimal və şimal-şərq hissəsi Baş Qafqaz silsiləsinin cənub yamacına, mərkəzi hissə Qanıx-həftəran vadisinə, cənub hissəsi isə Acınohur ön dağlığına daxildir. Ərazinin hündürlüyü cənubda Acınohur gölü sahilində təqribən 100 m, şimalda Baş Qafqaz silsiləsinin yalında 3480 m-ə çatır. Rayonun baş Qafqaz silsiləsinin cənub yamacına daxil olan dağlıq hissəsi dik və sıldırımlı olub kəskin parçalanmış relyefə malikdir. Bu dağlıq ərazidə Yura və Təbaşir dövrlərinin dəniz mənşəli çöküntüləri yayılmışdır.

ƏHALİSİ:

Əhalisi 54500 nəfər olmaqla 59 yaşayış məntəqəsini(1 şəhər, 58 kənd) özündə birləşdirir. Əhalinin ümumi sayından 12.3 min nəfəri (22.6 faiz) şəhər və 42.2 min nəfəri (77.4 faiz) kənd əhalisi olmaqla 27.8 min nəfərini(51 faiz) qadın, 26.7 min nəfərini (49 faiz) kişilər təşkil edir. Əhalinin 77.3 faizi azərbaycanlılar, 1.0 faizi ləzgilər, 0.2 faiz ruslar, 5.1 faiz zaxurlar, 14.6 faiz gürcülər və 1.8 faiz isə digər millətlərdən olan vətəndaşlardır. Rayonda 17 icra nümayəndəliyi və 20 bələdiyyə fəaliyyət göstərir.

RELYEFİ:

Ərazinin cənub və mərkəzi hissəsi əsasən düzənlik relyefə malik olub neogen və Dördüncü dövrlərin kontinental mənşəli çağıldaşılarından, qumlardan, qumdaşılarından, gillərdən və gilləcələrdən təşkil olunmuşdur.

İQLİMİ:

Rayonun iqlimi cənub hissədə quru subtropik, mərkəzi hissədə mülayim isti, yarım rütubətli subtropik, yüksək dağlıqda soyuqdur. Orta temperatur yanvarda düzənlik ərazidə 2 oS-dən yüksək, dağlıq ərazidə mənfi 10 oS –yə qədər, iyulda müvafiq olaraq 26 oS və 50 oS-dir. İllik yağıntı cənubda 300mm, şimalda 1600mm-ə qədərdir. Rayonun cənubunda quru, mərkəzdə mülayim isti və subtropik rütübətli iqlim, dağlarda soyuq, yağıntıların müntəzəm paylanması ilə səciyyəvi olan iqlim şəraitinə malikdir. Gördüyümüz kimi, burada nisbətən kiçik bir ərazidə dörd iqlim zonası vardır. Qaxda temperaturun dəyişmə həddi çox böyükdür, dağların zirvəsində mənfi 40 dərəcədən ACINOHUR gölunun yaxınlığında müsbət 40 dərəcəyə qədər temperatur müşahidə olunur. Rayonun iqliminin keyfiyyətlərindən biri onun xeyli sahədə subtropikliyidir.

TORPAQ ÖRTÜYÜ:

Rayonun torpaq örtüyü çox müxtəlifdir. Burada çimli dağ-çəmən, qonur dağ-məşə, allüvial çəmən-meşə, allüvial-çəmən, şabalıdı və karbonatlı yuxa qara torpaqlar yayılmışdır. Rayonun dağlıq ərazisində alp və subalp çəmənləri və enliyarpaqlı meşələr(palıd, fıstıq, vələs, qoz, şabalıd vəs.) geniş sahə tutur. Meşlərin sahəsi ümumi rayon ərazisinin təqribən 30 faizini təşkil edir. Rayonun düzənlik ərazisində Qanıx-həftəran vadisində çəmən bitkiləri, Acınohur ön dağlıq sahəsində isə çöl və yarımçöl bitkiləri yayılmışdr.

HEYVANAT ALƏMİ:

Rayonun faunası çox zəngindir. Rayon ərazisində yaşayan heyvanlardan Azərbaycan Respublikası “Qırmızı Kitab”ına düşmüş Vaşaq, Çöl pişiyi, Qarapaça, quşlardan İri qırğı, Berqut, Toğlugötürən, Qafqaz uları, Qafqaz tetrası, Kəklik, Bəzgəgkimiləri vardır. Bunlarla yanaşı rayonun dağlıq ərazisində ayı, canavar, çaqqal, tülkü, meş və Qamışlıq pişiyi kimi yırtıcı heyvanlar, maral, Cüyür, Dağıstan dağkeçisi, Çöl donuzu, cütdırnaqlı ov heyvanları və s. yayılmışdır.

İÇMƏLİ BULAQLARI:

İlisu kəndi ərazisində Beşbulaq, Səngərbulaq, Hamambulaq, Qaşqaçay kəndində Gövrüc bulaq, Ləkit-Kötüklü kəndində Qotur bulaq və s. vardır.

MİNERAL SULARI:

Qax rayonu kurort resursları cəhətdən zəngindir. İlisu və Sarıbaş kəndləri yaxınlığındakı və Hamam çayı boyunca yer üzünə çıxan termal bulaqlar ta qədimdən xalq təbabətində yel xəstəliyinə qarşı istifadə olunur. Bol mineral su ehtiyatlarının varlığı rayonda iqlim-balneoloji kurort zonalarının salınması üçün gənc potensiala malikdir. Süskən kəndi ərazisində mineral su. İlisu kəndi ərazisində Hamam dərəsində “Oğlan bulaq, qız bulaq”. Müalicəvi ocaq- “Şəfa” istirahət və müalicə pansionatı.

ÇAYLARI:

Rayon ərazisində 8 iri çay axır. Gürcüstan Respublikası ilə həmsərhəddən axan Qanıx çayı mənbəyini Türkiyədən alır və rayon ərazisindən 61 km. Məsafədən keçməklə Mingeçevir su anbarına tökülür. Qalan çaylar mənbələrini Böyük Qafqaz sıra dağlarından alırlar. Kürmük çayının uzunluğu 54 km., Qapı çayın uzunluğu 11km. , mənsəbləri Qanıx çayı, Ləkit çayının uzunluğu 8 km.mənsəbi Qapı çayı, Zərnə çayı uzunluğu 11 km mənsəbi Qapı çayı və mənvəyi Şəki çayından başlayan Əyri çayı rayon ərazisindən 58 km keçməklə Qanıx çayına tökülür. Kürmük, Qaşqaçay, Əyriçay və s.rayonun Gürcüstanla sərhəddi boyu axan Qanıx hövzəsinə aiddir, suvarmada istifadə olunur.

DAĞLARI:

Rayonun ən uca zirvələri Murana, Partizan, Qəbirliqaş, Yarpızbasan, Qıcalı hesab olunur.

ŞƏLALƏLƏRİ:

İlisu kəndində Ramramay şəlaləsi hündürlüyü 25 metrdir. Ləkit kəndində öz unikallığı ilə seçilən şəlalə. Şəlalə 2006-cı ildən Azərbaycan Respublikası Nazirlər kabineti tərəfində təbiət abidəsi kimi qeydə alınmış və mühafizə olunur.

TURİZMİ:

Hər il rayonda mövcud turizm mərkəzlərində minlərlə turist istirahət edir. Rayonumuzda turizmin bir neçə növü inkişaf etmişdir. Bunlardan kənd yaşıl turizmi, müalicə turizmi, istirahət turizmi daha geniş yayılmışdır. Qaxda mövsümü ovçuluq turizminin, atçılıq turizminin, dağ turizmin, qış turizminin və digər turizm növlərinin yaradılması üçün münbit şərait vardır. Rayonda 11 turizm obyekti turistlərə xidmət edir və yeni turizm obyektləri tikilməkdədir. Hazırda rayonda 1 mehmanxana,"Kürmük" mehmanxanası, “Şəfa” istirahət və müalicə pansionatı, İlisu pansionatı, “Yaşıl park”, “Ulu”, “İmpoteks”, “Ulu dağ”turizm və istirahət mərkəzləri,“Eden” Park hotel , "Səngər Qala" və “El Resort” turistlərə xidmət işini həyata keçirir. Rayonun mərkəzində, İlisu, Ağçay, Qaxbaş, Qum, Ləkit,Zərnə, Çinarlı, Qaşqaçay, Armudlu kəndlərində də turistlərə və qonaqlara evlərdə də xidmət işi həyata keçirilir.
ABİDƏLƏRİ:
Məlumdur ki, turistlərin əsas maraq obyekti olduğu ölkənin tarixi, məişəti, adət-ənənələri, gəzməli və görməli yerləridir. Abidələr bu sırada önəmli yerlərdə durur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli qərarı ilə təsdiq edilmiş siyahıya əsasən rayonumuzda 68 ədəd tarix və mədəniyyət abidələri qeydiyyata götürülmüşdür. Bunlardan 2-si Dünya əhəmiyyətli, 18 Ölkə əhəmiyyətli, 48 isə yerli əhəmiyyətlidir. 48 memarlıq, 18 arxeoloji, 2 monumental -xatirə abidələridir.

QORUQLARI :
İlisu Dövlət Təbiət qoruğu 1988-ci ilin fevral ayında yaradılmışdır. Ümumi sahəsi 17. 386.6 hektardır. İlisu Dövlət Təbiət qoruğunun 84.5 % -zi yəni 1420.3 ha. Qayalıqlar, yarğanlar və sərt yamaclar , 3. 79 %- zu yəni 660 ha. ərazini meşə olmayan sahələr təşkil edir. Ünvanı: Qax şəhəri H.Əliyev küç

YASAQLIQLARI:

İlisu Dövlət Təbiət Qoruğunun nəzdində Qax Dövlət Təbiət Yasaqlığı Nazirlər Kabinetinin 84 saylı 16 iyul 2003-cü il tarixli Qərarına əsasən yaradılmış və ümumi sahəsi 36.836 ha. təşkil edir.

PARKLARI:

Nizami parkı, H.Əliyev parkı, Şəhər Parkı, Sahil Parkı, Gənclik parkı

MƏTBƏXİ:

Qax rayonu özünəməxsus mətbəxi ilə seçilir. Ətdən qaxacın hazırlanması və qaxacdan sürhüllünün bişirilməsi yalnız Qax rayonuna məxsusdur. Ətin qurudulması sürhüllünün bişirilməsi dağ kəndləri üçün daha xarakterikdir. Bu dağ kəndlərinin qış mövsümündə Toyuqlu xəngəl, lobyalı, qozlu aş Qax əhalisini ən sevimli yeməklərindəndir. Bundan əlavə qoz və fındıqdan xüsusi şirniyyatlar, xörəklər hazırlanır. Rayona gəlmiş hər bir turistə rayonumuza məxsus bu ləziz yeməklər təklif olunur.
Geri   Yuxarı   Çap et
© 2009 Qax Rayon İcra Hakimiyyəti
Qax rayonu, Azərbaycan
Tel.: (+994 144) 5-33-51
E-mail: qax_rih@aztelekom.net
           qax_rih@box.az
88
5709
115178