Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Milli mətbəx və bal bayramı keçirilib

31 oktyabr 2017 | 16:00

          Əsrarəngiz təbiəti, qədim tarixi abidələri ilə məşhur olan rayonumuz, həm də zəngin milli mətbəxi ilə seçilir. Tolerantlığın qorunub saxlandığı bu diyarda bir çox millətlərin nümayəndələri yaşayır. Bu millətlərin hər birinin özünəməxsus adət-ənənələri və milli mətbəxi var. Təsadüfi deyil ki, Qax mətbəxinin özünəməxsusluğu və zənginliyi nəzərə alınaraq, Mədəniyyət və Turizm Nazirliyinin “Xalq Yaradıcılığı Paytaxtları” Proqramına əsasən, Qax şəhəri 2015-cı ildə “Azərbaycanın Milli Mətbəx Paytaxtı” elan edilib.
          RİH və Şəki Regional Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə oktyabrın 31-də şəhərimizdə “Milli mətbəx və bal bayramı” keçirilmişdir. Rayon Mədəniyyət Mərkəzində təşkil edilən bayram tədbirində Qaxın, eləcə də qonşu Zaqatala, Şəki və Oğuz rayonlarının milli mətbəxinə aid nümunələr, həmçinin xalq sənətkarlarının, tətbiqi sənət ustalarının əl işləri nümayiş etdirilmişdir.
         Bayram tədbirinin iştirakçıları əvvəlcə bölgə kulinarlarının hazırladıqları milli mətbəx nümunələrinin nümayiş etdirildiyi sərgilərlə tanış olmuşlar. Burada sərgilənən Qax mətbəxinə aid xəmir xörəkləri, müxtəlif növ plov, dolma və digər milli yeməklər, qaxac olunmuş ətdən hazırlanan xörəklər, gürcü və ləzgi mətbəxinə aid nümunələr, həmçinin arıçılıq məhsulları, Şəki mətbəxinə aid piti, ətli, noxudlu dovğa, ballı xəşil, dobuda tənək dolması və bozbaş, qənnadı məmulatları, müxtəlif növ şirniyyatlar, Zaqatala mətbəxinə aid sacda bişirilən maxara, fəsəli, yuxa, qutab və digər nemətlər, Oğuz mətbəxinə aid döşəməli plov tədbir iştirakçılarının böyük marağına səbəb olub. Şəkidən təşrif buyurmuş zurnaçılar dəstəsinin ifa etdiyi el havaları bayram iştirakçılarında xoş ovqat yaratmışdır.
          Bayram tədbiri sonra Mədəniyyət Mərkəzinin zalında bədii proqramla davam etmişdir. Konsertə başlamazdan əvvəl Qax Rayon İcra Hakimiyyəti başçısının müavini Vəfa Heydərova və Şəki Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Mirvari Zeynalova çıxış edərək, belə tədbirlərin bölgənin milli mətbəxinin təbliği və tanıdılması baxımından mühüm əhəmiyyət daşıdığını vurğulamışlar. Bildirmişlər ki, xalqımızın malik olduğu maddi və qeyri-maddi irsin qorunması və təbliği işi ölkəmizdə həyata keçirilən mədəniyyət siyasətinin mühüm tərkib hissələrindən biridir.
        Sonda Şəki və Qax mədəniyyət və incəsənət işçilərinin  təqdim etdiyi konsert proqramı tədbir iştirakçılarının ürəyincə olmuşdur.

 

Keçidlər