Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Yeni ilin gəlişi böyük ruh yüksəkliyi ilə qeyd olunub

05 yanvar 2018 | 16:00

         Respublikamızın hər bir guşəsində olduğu kimi, rayonumuzda da 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı böyük sevinc və ruh yüksəkliyi ilə qeyd olunmuşdur. Dekabrın 29-da şəhərin mərkəzi meydanında ümumrayon şənliyi keçirilmişdir.
       Bayramsayağı bəzədilən meydanda keçirilən tədbirdə RİH-in başçısı Musa Şəkiliyev çıxış edərək bildirmişdir ki, Dekabrın 31-i dünyanın hər yerində Azərbaycan kəlməsinin ucadan səsləndiyi gündür. Məhz Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1992-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikasının Ali Məclisi, sonra isə Azərbaycan Respublikasının Milli Məclisi 31 dekabrı Dünya Azərbaycanlılarının Həmrəylik və Birlik bayramı günü kimi qeyd olunması haqqında qərar qəbul etmişdir. Artıq 25 ildir ki, xalqımız dil, əqidə birliyinə əsaslanan milli, mənəvi bütövləşmə arzusunun təcəssümü olan bu günü ölkəmizin vətəndaşları və dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız təntənəli şəkildə qeyd edirlər.
       Bu gün bütün dünya azəbaycanlıları fəxr edir ki, onların müstəqil, azad, suveren dövləti vardır. Ölkə başçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan bütün dünyada tanınan, iqtisadiyyatı dinamik inkişaf edən bir ölkəyə çevrilmişdir. Regionların sosial- iqtisadi inkişafı Dövlət Proqramlarının uğurla icra edilməsinin nəticəsidir ki, bu gün respublikamızın demək olar ki, bütün yaşayış məntəqələrinin, şəhər və kəndlərimizin siması əhəmiyyətli şəkildə dəyişmişdir. Yola saldığımız 2017-ci ilin ölkəmiz, həmçinin rayonumuz üçün bir çox əlamətdar hadisələrlə yadda qaldığını  vurğulayan RİH başçısı  rayon ictimaiyyətini təbrik edərək işlərində uğurlar arzulamışdır.
      Meydana yeni ilin personajları Şaxta baba ilə Qar qızın gəlişi bayram iştirakçılarının, xüsusilə uşaqların böyük sevincinə səbəb oldu. Şaxta baba və Qar qız şənlik iştirakçılarına Yeni il arzularını çatdırmış, uşaqları bayram hədiyyələri ilə sevindirdilər.
     Bir-neçə saat davam edən bayram şənliyində respublikanın incəsənət nümayəndələri və rayonun mədəniyyət kollektivləri rəngarəng konsert proqramı ilə çıxış edərək, şənlik iştirakçılarına xoş ovqat bəxş etmişlər.

Keçidlər