Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva “Ulu Aqro” MMC-nin Qax Aqroparkının açılışında iştirak etmişlər

29 oktyabr 2018 | 16:00

      Oktyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci vitse-prezident  Mehriban xanım Əliyeva “Ulu Aqro” MMC-nin Qax Aqroparkının açılışında iştirak etmişlər.
          Prezident İlham Əliyevin qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, aqrar sahədə intensiv texnologiyaların tətbiqi ilə bağlı tapşırığına uyğun olaraq rayonda “Ulu Aqro” MMC-nin Qax Aqroparkı yaradılmışdır.  “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə  Aqroparkda görülən meliorativ tədbirlər, həmçinin Əyriçay su anbarı magistral kanallarının planı barədə dövlətimizin başçısına məlumat vermişdir. O bildirmişdir ki,  ümumi ərazisi 2094 ha olan Aqroparkda  suvarılan sahə 1268 hektarı əhatə edir. Ərazinin 863 hektarında 28 pivot qurğusu qurulmuş, 405 hektarında isə “damcılama” sistemi yaradılmışdır. Əkin sahələrinin davamlı və keyfiyyətli su təminatı üçün Aqroparka dövlət investisiyaları hesabına 4,6 kilometr uzunluğunda su xətti çəkilmiş, tutumu 50 min kubmetr olan beton su hovuzu tikilmiş, bütün zəruri meliorativ tədbirlər görülmüşdür. Buraya dövlət vəsaiti hesabına 15 kilometr məsafədən 10 kV-luq elektrik xətti çəkilmiş, transformatorlar quraşdırılmışdır. Aqroparka yaxın ərazidən keçən Qax-Qıpçaq-Ağyazı avtomobil yolunda əsaslı təmir işləri aparılmışdır.
          İqtisadiyyat naziri Şahin Mustafayev dövlətimizin başçısına və birinci xanıma İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun maliyyə dəstəyi ilə Şəki-Zaqatala iqtisadi rayonunda yaradılan və fəaliyyəti genişləndirilən müəssisələr, həmçinin tütün, fındıq, bal, quru meyvə istehsalı üzrə respublika, o cümlədən bu iqtisadi rayondakı ötən ilin statistik göstəriciləri barədə məlumat vermişdir.
    Daha sonra Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşmüşdür.
     Dövlətimizin başçısı görüşdə çıxış edərək bu aqroparkın açılışının əhəmiyyətini vurğulayaraq, kənd təsərrüfatının inkişafına dövlət qayğısından danışmışdır. Son illərdə Qaxda çoxlu infrastruktur layihələrinin icra olunduğunu qeyd edən Prezident İlham Əliyev bu işlərin gələcəkdə də davam etdiriləcəyini bildirmişdir.
         Sonra Prezident İlham Əliyev aqroparkın suvarma sisteminin işə salınmasını bildirən düyməni basdı və əkin sahəsinə baxdı.
        Məlumat verildi ki, aqroparkda 1200 hektar sahədə buğda, 169 hektarda qarğıdalı və 65 hektarda soya əkilib. Bundan başqa, 217 hektar badam, 50 hektar qoz, 32 hektar şaftalı, 30 hektar alma, 23 hektar gavalı, 12 hektar ərik və 11 hektar gilas bağları salınmışdır. Bu aqropark kənd təsərrüfatının inkişafına təkan verməklə yanaşı, kənd təsərrüfatı məhsullarının istehsalı, ölkəmizdə rəqabətqabiliyyətli məhsulların sayının və çeşidinin artırılması, ixrac potensialımızın gücləndirilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Aqropark yeni iş yerlərinin yaradılmasına da töhfəsini verir. Belə ki, burada 90 nəfərin işlə təmin olunması nəzərdə tutulub.
         Aqroparkın müasir logistika mərkəzi də var. Burada yaradılan idarəetmə mərkəzində iclas və brifinq zalları, kənd təsərrüfatı mütəxəssislərinin qalması üçün on nəfərlik yataq otaqları yaradılmışdır. Layihənin icrası zamanı aqroparkın logistika mərkəzində informasiya-kommunikasiya texnologiyalarının son yenilikləri tətbiq edilmişdir. Tutumu 4,5 min ton olan taxıl anbarı, sahəsi 5,4 min kvadratmetr olan bina tipli 4 anbar, ofis və yardımçı binalar tikilmişdir. Logistik mərkəzdə, eyni zamanda, 7 yataqxana binası, maşınyuma məntəqəsi inşa olunmuş, elektron tərəzi, transformator yarımstansiyası, generator quraşdırılmışdır. Aqroparkda istifadə üçün 13-dən çox adda 54 ədəd texnika və aqreqat alınmışdır. Gələcəkdə aqroparkın fəaliyyətinin daha da genişləndirilməsi nəzərdə tutulur.
       Aqroparkın bütün ərazisindəki fəaliyyətə burada yaradılan müasir logistik mərkəzdən nəzarət olunur. Aqroparkın əhatə etdiyi sahədə ən müasir avadanlıq tətbiq edilir. Burada xüsusi meteoroloji stansiyalar da quraşdırılmışdır. Bu stansiyalar aqroparkın hava durumu, torpağın hərarəti, rütubət kimi amillər barədə logistik mərkəzə məlumatlar ötürür.

 

Keçidlər