Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

İndoneziyanın ölkəmizdəki səfiri rayonumuzda sahibkarlarla görüşüb

21 dekabr 2018 | 16:00

İndoneziyanın ölkəmizdəki səfiri Hüsnan Bəy Fanani respublikamızın şimal-qərb bölgəsinə səfəri çərçivəsində dekabrın 20-də rayonumuzda olmuş, yerli sahibkarlarla görüşmüşdür.
          İşgüzar görüşdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyev Azərbaycan və İndoneziya arasında dostluq və qardaşlıq münasibətlərinin yüksək səviyyədə olduğunu bildirmiş, Səfirə rayonunun iqtisadiyyatı, kənd təsərrüfatının aparıcı sahələri, mədəniyyəti, əhalinin məşğulluğu, turizm potensialı barədə geniş məlumat vermişdir. Diqqətə çatdırmışdır ki, rayonda 9 su qablaşdırıcı müəssisə, 5 fındıq emalı zavodu, tikinti materialları istehsal edən müəssisələr, tütün istehsalı və emalı məntəqəsi fəaliyyət göstərir. Aqrar sahədə əldə olunan nailiyyətləri diqqətə çatdıran icra hakimiyyətinin başçısı son 4 ildə taxıl istehsalının 14 min ton artdığını, fındıq bağlarının sahəsinin 5 min hektar artırılaraq 9,9 min hektara çatdırıldığını bildirmişdir. Musa Şəkiliyev belə tədbirlərin rayon sahibkarlarının istehsal etdikləri ixracyönümlü məhsulların təşviqinə, xarici bazarlara yol tapmasına öz töhfəsini verəcəyinə əminliyini ifadə etmişdir.
        Ölkələrimiz arasında əlaqələrin hazırkı səviyyəsindən məmnunluğunu ifadə edən səfir Hüsnan Bəy Fanani müstəqilliyini bərpa etməsindən qısa müddət keçməsinə baxmayaraq, Azərbaycanın çox böyük sürətlə inkişaf etdiyini, regionun ən güclü dövlətinə çevrildiyini bildirmişdir. Ölkələrimiz arasında iqtisadi sahədə əməkdaşlığın perspektivlərinə toxunan İndoneziya səfiri vurğulamışdır ki, Azərbaycanda istehsal edilən kənd təsərrüfatı məhsullarının, xüsusilə meyvə-tərəvəzin Sakit Okean ölkələrinə ixrac edilməsi üçün çox yaxşı imkanlar mövcuddur. Rayonunun sahibkarları da bu imkanlardan yararlana bilərlər.
        Sonra tədbir iştirakçılarına İndoneziyanın iqtisadiyyatı barədə film təqdim olunmuş, sahibkarların sualları cavablandırılmışdır.

 

Keçidlər