Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

“YARAT” Müasir İncəsənət Məkanı bu ilin ilk səyyar sərgisini Qaxda açıb

17 mart 2019 | 16:00

       “YARAT” Müasir İncəsənət Məkanı martın 14-də rayonda Dövlət Rəsm Qalereyasında incəsənət həvəskarlarına “Yenə o bağ olaydı” adlı səyyar sərgini təqdim edib.
       Sərginin açılış mərasimində çıxış edən “YARAT” Müasir İncəsənət Məkanının ictimaiyyətlə əlaqələr departamentinin direktoru Hökümə Kərimova səyyar sərginin qurum tərəfindən Qax rayonunda təşkil edilən sayca ikinci sərgi olduğunu diqqətə çatdırıb. Bildirilib ki, İncəsənət Məkanının 2016-cı ilin iyulunda Qax Dövlət Rəsm Qalereyasında təşkil etdiyi “Zamanın izləri” adlı sərgi də incəsənət həvəskarlarının böyük marağına səbəb olmuşdu. Budəfəki sərginin proqramına YARAT-ın daimi kolleksiyasında olan əsərlərin nümayişi ilə yanaşı, müasir incəsənətin təbliği ilə bağlı seminar və ustad dərslərinin keçirilməsi də daxil edilib.
      Qax Rayon İcra Hakimiyyəti başçısının müavini Vəfa Heydərova regionlarda belə sərgilərin təşkilinin mühüm əhəmiyyət daşıdığını qeyd edərək, sərginin təşkilinin rayonun mədəni həyatında çox əlamətdar hadisə olduğunu vurğulayıb. İcra hakimiyyətinin rəsmisi 2019-cu ilin ilk səyyar sərgisinin məhz Qax rayonunda təşkilinə görə YARAT-ın rəhbərliyinə sənətsevərlər adından minnətdarlığını bildirib.
      Sərginin kuratoru Anna Fech səyyar sərgi haqqında qısa məlumat verib. Bildirib ki, məşhur italyan rəssamı Mikelancelo Pistolleto və perspektivli yerli rəssamların əsərlərindən ibarət “Yenə o bağ olaydı” səyyar sərgisi dahi rəssam tərəfindən ərsəyə gətirilmiş “Üçüncü cənnət” nəzəriyyəsini müzakirə etməklə “Cittadellarte Fondazione Pistoletto” Fondunun (Biella, İtaliya) bədii rəhbəri Paolo Naldini tərəfindən keçirilmiş ustad dərsin nəticəsidir. “Üçüncü cənnət” nəzəriyyəsi müasir dünyamızın hər bir yerində mövcud olan təbiilik və sünilik kimi iki qütb arasındakı ziddiyyəti aradan götürməyə, texnologiyalar və təbiət arasında özəl mühitə görə məsuliyyət daşıyan yeni insanlığın yaradılmasına çalışır.
       Diqqətə çatdırılıb ki, sərgi Mikayıl Müşfiqin ən məşhur şeirindən götürülüb. Bağ ot-alaqdan təmizlənən, əkilib-becərilən, insana tənhalıq və təhlükəsizlik duyğuları bəxş edən bir guşədir. Şair bu şeirində bağı arzuolunan sevgi, sülh, azadlıq və xoşbəxtliyin vəhdət təşkil etdiyi nostalji məkan kimi təsvir edir.
        Sərginin açılışı zamanı seyrçilər “Üçüncü cənnət” simvolunu canlı əks etdiriblər. Simvol üç halqadan ibarət olan riyazi sonsuzluq işarəsinin yenidən mənalandırılmış formasını ifadə edir.
       Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar.
         “Yenə o bağ olaydı” adlı sərgi ilə tanışlıq tamaşaçılarda böyük maraq doğurub.

 

Keçidlər