Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Yaponiya hökumətinin dəstəyi ilə rayonun 2 kəndində su təchizatı layihəsi icra olunub

13 iyul 2019 | 16:00

Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı proqramı” çərçivəsində rayonda sayca 8-ci layihənin icrası başa çatmışdır. İyulun 12-də rayonun Güllük kəndində “Su təchizatı sisteminin tikintisi” layihəsinin başa çatması münasibətilə keçirilən tədbirdə Yaponiyanın ölkəmizdəki səfirliyinin birinci katibi, rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri və kənd sakinləri iştirak ediblər.
         Tədbirdə Qax Rayon İcra Hakimiyyəti başçısının müavini Elbrus Tağıyev Yaponiyanın Azərbaycandakı səfirliyi ilə rayon icra hakimiyyəti arasında əməkdaşlığın 2003-cü ildən uğurla davam etdiyini bildirmiş və diqqətə çatdırmışdır ki, qrant yardımı proqramı çərçivəsində  rayonumuzda indiyədək 8 layihə reallaşdırılmışdır.  Bu layihələr məktəb və tibb məntəqələrinin tikintisi, tullantıların idarə olunması və su təchizatı sahələrini əhatə etmişdir. O, əməkdaşlığın gələcəkdə də davam etdiriləcəyinə əminliyini bildirmişdir.
         Yaponiyanın ölkəmizdəki səfirliyinin birinci katibi Usui Takaaki Azərbaycanla ölkəsi arasında dostluq əlaqələrinin dərin köklərə malik olduğunu, Yaponiya hökumətinin maliyyə dəstəyi ilə həyata keçirilən bu layihələrin insanların yaşayış səviyyəsini daha da yaxşılaşdırmaq məqsədi daşıdığını deyib.
         Diqqətə çatdırılıb ki, Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı proqramı” çərçivəsində indiyədək Azərbaycanda bu layihə də daxil olmaqla, ümumi dəyəri 20 milyon ABŞ dolları olan 235 layihə üzrə qrant müqaviləsi imzalanmışdır. İcrası yenicə başa çatan bu layihə üzrə işlər Yaponiyanın ölkəmizdəki səfirliyi ilə “Azərbaycan icma inkişafı üzrə araşdırmalar, təlim və resurs mərkəzi” İctimai Birliyi arasında imzalanan müqavilə əsasında yerinə yetirilmişdir. Layihənin ümumi dəyəri 89,1 min dollar təşkil etmişdir. Layihə çərçivəsində Baydarlı kəndində də sakinlərin su təchizatı yaxşılaşdırılmışdır.
        Su təchizatı sisteminin açılışını bildirən rəmzi lent kəsildikdən sonra mərasim iştirakçıları layihə çərçivəsində görülən işlərlə tanış olmuşlar.

Keçidlər