Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Rayonun kəndlərində iki məktəb binası istifadəyə verilib

13 sentyabr 2019 | 16:00

         “Bilik günü” ərəfəsində, sentyabrın 13-də Qax rayonunun Tasmalı və Əlibəyli kəndlərində iki yeni məktəb binası istifadəyə verilmişdir.
Bu münasibətlə keçirilən mərasimlərdə Təhsil nazirinin müavini İdris İsayev, Gürcüstanın Azerbaycandakı səfiri Zurab Pataradze, rayon rəhbərliyi, məktəb kollektivləri, valideynlər və kənd sakinləri iştirak ediblər.
           Hər iki məktəb binasıının açılış mərasimi Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlanmışdır.
          Mərasimlərdə Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev çıxış edərək, ölkəmizdə təhsilin inkişafına göstərilən yüksək dövlət qayğısından danışmış, məktəb kollektivlərinə yeni dərs ilində uğurlar arzulamışdır. Bildirmişdir ki, son illər rayonda təhsilin infrastrukturunun müasir tələblərə uyğun qurulması, təhsilin məzmununun yeniləşdirilməsi, keyfiyyətinin yüksəldilməsi istiqamətində çox böyük işlər görülmüşdür. Rayonda 23 yeni məktəb binası tikilib istifadəyə verilmiş, 3 məktəb binası əsaslı təmir olunmuşdur. Hazırda rayonun 7 kənd məktəbi üçün quraşdırılan modul tipli binalarda son tamamlama işləri görülür.
Diqqətə çatdırmışdır  ki, Əlibəyli kənd tam orta məktəbinin 216 şagird yerlik yeni binası Prezident İlham Əliyevin 2018-ci il oktyabrın 29-da imzaladığı Sərəncama əsasən inşa edilmişdir. Təhsil Nazirliyinin sifarişi ilə inşa edilən Tasmalı kənd tam orta məktəbin yeni binası isə 264 şagird yerlikdir.
            Təhsil nazirinin müavini İdris İsayev çıxışında təhsil sisteminin maddi-texniki bazasını təkmilləşdirmədən, formalaşdırmadan onun inkişaf etdirilməsinin çox çətin olduğunu vurğulayaraq demişdir: “Son illər təhsil sisteminin maddi-texniki bazasının gücləndirilməsinə, təhsil qanunvericiliyinin, tədrisin məzmununun təkmilləşdirilməsi ilə bağlı mühüm tədbirlər həyata keçirilmişdir. Prezident İlham Əliyevun diqqət və qayğısı nəticəsində, həmçinin Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyevanın təşəbbüsü ilə ölkəmizdəki ümumtəhsil məktəblərinin demək olar ki, 72 faizi yenilənmiş, 3200-dən çox yeni məktəb binası tikilmiş və ya əsaslı təmir olunmuşdur. Ucqar kəndlərdə 250 modul tipli məktəb quraşdırılmışdır”.
           Bu prosesin davamlı xarakter daşıdığını vurğulayan nazir müavini bildirmişdir ki, cari ildə də 50-si modul tipli məktəb olmaqla, ölkə ərazisində 84 məktəb binasının tikintisi aparılıb. Tədris ilinin başlanğıcınadək 43 məktəb binasının açılışı nəzərdə tutulur. Sevindirici haldır ki, Qax rayonunun iki kəndinin şagirdləri də yeni dərs ilində yeni binalarda təhsil alacaqlar.
          Mərasimlərdə müəllim və şagirdlər, valideynlər çıxış edərək təhsilin inkişafına göstərilən yüksək diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirmişlər.
         Sonra mərasim iştirakçıları məktəblərdə yaradılan şəraitlə tanış olmuşlar. Müasir standartlara uyğun inşa edilən ikimərtəbəli yeni məktəb binalarında sinif otaqları ilə yanaşı, fənn kabinetləri, laboratoriyalar, texnologiya və kompüter otaqları, 100 yerlik yeməkxana, akt və idman zalları, xidməti otaqlar fəaliyyət göstərir. Məktəblərin həyətində geniş abadlıq işləri aparılmış, idman meydançaları salınmışdır.

Keçidlər