Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Rayonda “Ziyalılarımızdan öyrənək” mövzusunda seminar keçirilib

01 oktyabr 2019 | 16:00

           Sentyabrın 27-də Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı və  Rayon İcra Hakimiyyətinin dəstəyi ilə  rayonda Azərbaycan Respublikasının əməkdar artisti, aktyor, bədii qiraətçi Azad Şükürovun iştirakı ilə “Ziyalılarımızdan öyrənək” layihəsi çərçivəsində seminar keçirilmişdir. Tədbirdə Fondun icraçı direktorunun müavini Ceyhun Əliyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri İlqar Vəliyev, Qax Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Nəzirməhəmməd Nəsirov, ziyalılar, müəllimlər, gənclər və ictimaiyyət nümayəndələri iştirak etmişlər.
           Tədbiri giriş sözü ilə açan RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Nəzirməhəmməd Nəsirov layihənin əhəmiyyətindən danışmışdır. O bildirmişdir ki, gənclərimizin ziyalılarla görüşə, onlardan yeni biliklər əldə etməyə hər zaman ehtiyacı var. Belə əhəmiyyətli görüşlərin təşkil edilməsi milli-mənəvi dəyərlərimizin təbliğinə, gənc nəslin savadlı, intellektual, əxlaqi-mənəvi dəyərlərlə zəngin şəxsiyyət kimi yetişməsinə böyük töhfə verir.
          Tədbirdə çıxış edən Fondun icraçı direktorunun müavini Ceyhun Əliyev qeyd edib ki, o xalq, o millət xoşbəxtdir ki, onun həqiqi ziyalıları var, onun taleyi ilə maraqlanan, gələcəyini düşünən, onun tərəqqisi, inkişafı, yüksəlişi yolunda canını fəda etməyə hazır olan yetirmələri vardır. Sağlam ictimai-siyasi, mədəni və mənəvi mühitin yaradılmasında, cəmiyyətin iqtisadi cəhətdən yüksəlməsində, milli mədəniyyətin tərəqqisində, yüksək etik, estetik keyfiyyətlərin, əxlaq qanun və qaydalarının bərqərar olmasında, elmin, maarifin inkişafında ziyalıların rolu, təbii ki, çox böyükdür.
          Azərbaycan Respublikasının əməkdar artisti, Mədəniyyət və İncəsənət Universitetinin dosenti Azad Şükürov bildirib ki, Qax rayonunun gəncləri ilə görüşmək, onlarla müzakirələr aparmaq, fikir bölüşmək çox xoşdur. Belə bir görüşün təşkil edilməsinə görə Mənəvi Dəyərlərin Təbliği Fonduna təşəkkür edən Azad Şükürov qeyd edib ki, zəngin milli və mənəvi dəyərlərə malik olan Azərbaycan xalqının ən dəyərli mənəvi sərvətlərindən biri azadlıq və müstəqillikdir. Müasir Azərbaycan gənci özünü dünyanın ən xoşbəxt insanı hesab etməlidir, çünki o azaddır, müstəqil bir ölkənin vətəndaşıdır. Gənclərin elmə, biliyə, savada yiyələnməsinin, intellektual dünyagörüşünə sahib olmasının vacibliyini vurğulayan A.Şükürov bildirib ki, biz müasir texnologiyanın sürətlə inkişaf etdiyi bir dövrdə yaşasaq da kitab mütaliəsi çox önəmlidir. Çünki kitabın verdiyi biliyi heç bir vasitə verə bilməz. Həmçinin A.Şükürov bildirib ki, gənclərimiz milli-mənəvi dəyərlərimizin ayrılmaz hissəsi olan dinimizi bilməli, onun tarixini araşdırmalı və zərərli, dinimizə, dəyərlərimizə yad olan düşüncələrin təsirindən uzaq olmalıdırlar.
           Yekunda iştirakçılarla mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb və onları maraqlandıran suallar cavablandırılıb.

Keçidlər