Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Zərifə xanım Əliyevanın zəngin həyat yolu bugünkü və gələcək nəsillər üçün örnək və yaşam etalonudur

23 aprel 2021 | 16:00

Dünya oftalmologiya elminə böyük töhfələr vermiş akademik Zərifə xanım Əliyevanın zəngin irsi, tibbin müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifələrini təşkil edir. Görkəmli alimin keçdiyi şərəfli ömür yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir.
      Akademikin fəaliyyəti geniş və zəngindir. Alicənablığına, səmimiyyətinə, xeyirxahlığına, yüksək intellektinə, diqqət və qayğısına görə hamının hörmət və məhəbbətini qazanmış bu insan ilk növbədə böyük ziyalı, nurlu şəxsiyyət idi. Sözün həqiqi mənasında bu böyük ziyalının insanlara bəxş etdiyi nur onun elminin dərinliyindən, mənəvi paklığından, intellektinin kamilliyindən, şəxsiyyət ucalığından və bütövlüyündən qidalanıb. Görkəmli alimin bütün uğur və nailiyyətlərinin bünövrəsində daim gərgin zəhməti, oftalmologiya elminin inkişafı yolundakı səmərəli fəaliyyəti və möhtəşəm xidmətləri dururdu.
       Aprelin 28-də görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın anadan olmasının 98-ci ildönümü tamam olur. Hər zaman olduğu kimi, bu il də Zərifə xanım Əliyevanın doğum günü təkcə görkəmli alimimizi yad etmək deyil, həm də insanları elmə, biliyə yiyələnməyə, humanist addımlar atmağa, nümunəvi vətəndaş olmağa çağırış mahiyyəti daşıyır. Azərbaycan xalqı özünün istedadlı şəxsiyyətləri, elm və mədəniyyət adamları, siyasi xadimləri ilə qürur duyur, onların xatirəsini əziz saxlayır. Bu baxımdan, görkəmli alim Zərifə xanım Əliyevanın zəngin həyat yolu hər bir azərbaycanlıya örnəkdir.
     Zərifə xanım Əliyevanın zəngin elmi irsi dünya oftalmologiyasına mühüm töhfələr verib. Onun elmi fəaliyyətinin əsas istiqamətini görmə orqanının peşə patologiyası müəyyənləşdirirdi. Bu sahə olduqca ağır idi. Onun araşdırılması təkcə dərin oftalmoloji savad yox, həm də fundamental təcrübi biliklər tələb edirdi. Bu keyfiyyətlər isə Zərifə Əliyevada var idi. Peşə oftalmologiyasının pioneri sayılan Zərifə xanım Əliyeva dünyada ilk dəfə olaraq görmə orqanının peşə patologiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaratmışdı.
    Azərbaycan oftalmologiyasını dünya səviyyəsində tanıdan Zərifə Əliyeva təbabətdə öz dəsti xətti olan novator alim idi. Bu istedadlı alim gözün oftomoloji, histomikroskopik və histokimyəvi tədqiqi, klinik diaqnostika və s. istiqamətlərdə də dərin elmi araşdırmalar aparırdı. Bütün bu axtarışlarının nəticəsi olaraq o 1976-cı ildə vaxtilə ordinator olduğu Helmholts adına Mərkəzi Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitutunda müvəffəqiyyətlə doktorluq disertasiyasını müdafiə etdi. Oftalmologiyada hadisəyə çevrilən bu müdafiədən bir müddət sonra o, kafedra müdiri seçildi.
    Ümumiyyətlə, təbabət elmində məhsuldar alim kimi tanınan Zərifə xanım göz xəstəliklərinə dair 140 elmi məqalə, monoqrafiya və kitab yazıb, çap etmişdir. Görkəmli alim çoxillik elmi axtarışlardan belə qənaətə gəlmişdi ki, xəstə gözlərin müalicəsi çətin və ağrılı prosesdir. Ona görə də o göz xəstəlikləri sahəsində profilaktika metodlarına daha çox əhəmiyyət verməyə başladı. Bu, həmin dövr üçün olduqca uzaqgörən və müasir bir məsələ idi. Zərifə xanım bu zəmində sonralar ona böyük şöhrət gətirmiş göz xəstəliklərinin profilaktikası üçün öz metodikasını hazırladı.
      O, artıq elmin zirvəsində idi. 1983-cü ildə Zərifə Əliyevanın Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilməsi bunun təsdiqi oldu. O həm də keçmiş SSRİ-də ilk qadın həkim olaraq Tibb Elmləri Akademiyasının akademiki Aberbax mükafatına layiq görüldü. Bunlar həm də onun apardığı çoxillik elmi-tədqiqatların yüksək səviyyəsinə, sosial əhəmiyyətinə, ictimai fəallığına, pedaqoji istedadına verilən yüksək qiymət idi. Onun alim şöhrəti artıq dünyanı dolaşmaqda idi.
      Zərifə Əliyeva müxtəlif xəstəliklərin diaqnostikası və müalicəsi problemləri ilə yanaşı, həkim etikası və tibbi deontologiya məsələləri ilə də maraqlanırdı. O, gənc həkimlərin tərbiyəsinə, onların peşə fəaliyyəti ilə bağlı problemlərinin öyrənilməsinə və həlli məsələlərinə böyük diqqət göstərirdi. Onun “Yüksək etimad” kitabı cəmiyyətdə həkimin şəxsiyyət kimi formalaşması prosesinə dəyərli töhfədir. Zərifə Əliyeva səhiyyədə kadr hazırlığına və həkimlərin ixtisasının təkmilləşdirilməsinə gərgin əmək sərf edib. Onun birbaşa rəhbərliyi altında cavan alimlərin və həkim-oftalmoloqların böyük bir nəsli formalaşıb. Diqqətəlayiq xidmətlərinə, çoxillik elmi-tədqiqat işlərinə görə professor Zərifə Əliyeva 1983-cü ildə Azərbaycan Respublikası Elmlər Akademiyasının akademiki seçilib. Tibb sahəsində çoxşaxəli fəaliyyəti ilə bərabər, akademik Zərifə Əliyeva ictimai işlərdə də fəallıq göstərib, keçmiş SSRİ-nin Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini, “Bilik” Cəmiyyəti İdarə Heyətinin və keçmiş İttifaqın Oftalmoloqları Elmi Cəmiyyəti İdarə Heyətinin üzvü olub.      İnsanlarla mehribanlığı, dərin humanizmi Zərifə xanımın peşəsinə münasibətində də özünü aydın göstərirdi. O, haqlı olaraq hesab edirdi ki, həkimin peşə mövqeyi onun xəstəyə münasibətini müəyyənləşdirən başlıca amildir.
     Azərbaycanın görkəmli dövlət xadimi Əziz Əliyevin ailəsində dünyaya göz açmış,  mili dəyərləri övladlarına böyük məhəbbətlə təlqin etmiş ləyaqətli bir ananın - Leyla xanımın tərbiyəsi ilə böyümüş, Azərbaycanın milli dövlətçilik tarixinin hünərvər müəllifi Heydər Əliyevin ömür-gün yoldaşı, Vətənimizin, xalqımızın əziz, dəyərli övladı və rəhbəri, dövlətimizi uğurla dünya birliyinə çıxardan möhtərəm Prezidentimizin əziz anası, gözlərə nur paylayan, nurdan yoğrulmuş bir ana, alim, şəxsiyyət! Eyni zamanda, Azərbaycan qadınlığının adına, ünvanına şərəf, qürur gətirmiş, qadınlıq, zəriflik, möhtəşəmlik mücəssəməsi... Bütün həyatı, ailəsi, fəaliyyəti örnək, nümunə olan bir şəxsiyyət!
Elmi, ictimai fəaliyyətə paralel olaraq, Zərifə xanım həm də qayğıkeş ana, layiqli ömür-gün yoldaşı olub. Bu keyfiyyətləri o, öz ailəsində gördüyü yüksək mənəvi mühitdən qazanıb. Zərifə xanım və onun həyat yoldaşı, Ümummilli lider Heydər Əliyev sahib olduqları nəcib keyfiyyətləri, ali mənəvi dəyərləri layiqli vətəndaş kimi yetişdirdikləri övladlarına ötürüblər. Həm Zərifə xanım Əliyeva, həm də Ulu öndər həyatlarının sonunadək gərgin fəaliyyətləri ilə ömürlərini Azərbaycana həsr ediblər. Zərifə xanım vəfalı həyat yoldaşı olmaqla bərabər, həm də Ulu öndərə mənəvi dayaq olub.
Özümüzdən də xəbərsiz yaradılışımızdan bizimlə birgə ali bir duyğu doğulub köksümüzün altında göyərib boy göstərir. Həyatın əlavələrinə həmahəng olan, gen keçdikcə daha da əlvanlaşan, daha da müqəddəsləşən hiss və düşüncələrimizə hakim kəsilən o duyğu ən dar məqamlarda da ən yaxın köməkçimizə çevrilir. Həyatdan əlimizi üzəndə o duyğu əlimizdən tutur, inamımızı, istinadgahımızı itirəndə o duyğu bizim üçün inama, istinadgaha çevrilir. Və nə vaxtsa o duyğunu sevgi adlandırırıq. Mental yaddaşımız Leyli və Məcnun, Əsli və Kərəm, Yusif və Züleyxa, Tahir və Zöhrə, İlham və Fərizə misalında ilahi sevginin mükəmməl nümunələrini xatırlayır. Heydər Əliyev öz ömür-gün yoldaşı, mərhum akademik Zərifə xanıma olan sonsuz sevgisi və bu sevginin etirafı ilə mənəviyyat tariximizdə bütöv nəsillərə örnək ola biləcək bir sevgi rəvayəti də yaratmışdır. Bu rəvayətin qəhrəmanları Azərbaycanımıza qürur, iftixar gətirən ən əziz, möhtərəm insanlar olduqları üçün, Azərbaycan ailəsinin şərəfli simasını özündə ehtiva etdiyi üçün bəxtiyarıq.
       Bəli, Zərifə xanım Əliyevanın parlaq səhifələrlə dolu zəngin ömür kitabında insanı özünə ən çox cəlb edən, ilk növbədə, onun analıq fenomenidir. Analıq həqiqətən də təbiətin ən böyük möcüzəsi sayılır. Çünki Allahdan sonra yeganə yaradıcı varlıq məhz anadır. Analar həm də böyük tale və xoşbəxtlik bəxş edə bilmək qüdrətinə malikdirlər. Zərifə xanım Əliyeva da bu baxımdan nadir, unikal bir qadın idi.
    O, qeyri-adi ana idi. Onun övladlarına münasibəti də xüsusi  idi və başqalarından seçilirdi. Belə münasibətin bənzərini tapmaq çətindir. O, uşaqları ulu Tanrı tərəfindən bəxş olunmuş bir nur payı kimi qəbul edirdi. Elmi və ictimai işlər onun həddən artıq vaxtını aparsa da, övladlarının tərbiyəsi, təhsili ilə bağlı hər şeyə özü diqqət yetirir, hər kiçik məsələdə, hadisədə şəxsən özü iştirak edirdi. Bu baxımdan, onu öz ailəsinin xeyirxah dahisi adlandırmaq olardı.
      Sonralar həyat sübut etdi ki, Zərifə xanım vaxtında bu çətin və mürəkkəb işin, vəzifənin öhdəsindən necə bacarıqla gəlib. Zaman onu da göstərdi ki, bu müdrik ana övladlarına zəhməti, təhsili sevməyi çox mükəmməl öyrətmiş, onlarda ali dəyərlərinin əsasını təşkil edən sadəlik, səmimiyyət, təvəzökarlıq, xeyirxahlıq tərbiyə etmişdir.
Onu da qeyd edək ki, ana məhəbbəti heç vaxt azalmır. O, daim güclüdür. öz gücü ilə də xarüqələr yaradır. Bu gün Zərifə Əliyevanın övladları ilə, xüsusən də əziz oglu, Prezident İlham Əliyevlə bütün ölkə fəxr edir. Bu fəxarət hisslərində həm də Onu dünyaya gətirib boya-başa çatdırmış, soy-kökə layiqli övlad olaraq tərbiyə etmiş Zərifə Anaya dərin bir minnətdarlıq duyğuları var.
      Prezident İlham Əliyev sübut etdi ki, o dahi siyasətçinin ən layiqli davamçısı və Zərifə xanımın Azərbaycan üçün yetişdirdiyi əsl vətənpərvər oğuldur. Prezident İlham Əliyev qurucu, birləşdirici, Azərbaycan xalqının bütün istək və arzularını həyata keçirən, öz siyasətində Azərbaycan dövlətinin və xalqının maraqlarını ən ali məqsəd kimi görən xalqın birmənalı şəkildə dəstəklədiyi, etimad göstərdiyi və etibar etdiyi əsl liderdir. O, Azərbaycanın ərazi bütövlüyünü bərpa edən lider kimi adını əbədi olaraq tarixə yazdırdı, Azərbaycan xalqının qəhrəmanlıq salnaməsini yaratdı və 44 günlük Vətən Müharibəsinin əsl qəhrəmanına çevrildi.
        Bu günlər o böyük insanın 98 illiyinin əziz xatirəsini sonsuz hörmətlə qeyd edirik. Onunla bağlı hadisələr yaddaşların dərin qatlarından üzə çıxdıqca bu bənzərsiz insanın işıqlı obrazı sönməz günəş kimi gözlərimiz önündə bərq vurur və mənəviyyat tariximizin örnəyinə çevrilir.
       Gəlin ocağa çəkər deyib atalarımız. Mehriban xanım Əliyeva Azərbaycan tarixində böyük rol oynamış iki nüfuzlu ailəni doğmalaşdırdı və böyük soyadın şərəfli, layiqli davamçısı, gələcək dövlət başçısının həyat yolunda sadiq silahdaşı oldu. Əliyevlərin irsini layiqincə davam etdirəcək üç insan yetişdirdi. Mehriban xanım Əliyeva nəcib insan, qayğıkeş ana və görkəmli dövlət xadimidir. Birinci vitse-prezident kimi, Heydər Əliyev fondunun rəhbəri kimi onun zəngin fəaliyyəti həm Azərbaycanda həm də onun hüdudlarından kənarda böyük rəğbətlə qarşılanır. Birinci vitse-prezident Mehriban xanım Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın ölkənin ictimai-siyasi həyatındakı uğurlu fəaliyyəti, dövlətimiz, dövlətçiliyimiz naminə, xalqın rifahı üçün gördükləri işlər, xeyirxah əməllər bu gün Azərbaycan qadınının yüksək intellektual səviyyəsini və vətənpərvərliyini təsdiq edir.
      Ürəyində və əməllərində işıqlı amalları, nəcib duyğuları yaşadan, özündən sonra zəngin elmi irs o cümlədən gözəl ailə nümunəsi qoyub gedən Zərifə xanım Əliyevanın olduqca mənalı və zəngin həyat yolu, ailəsi, övladları, xalqı, dövlətinin xoşbəxtliyi uğrunda fədakarlığı nəinki bugünkü, həm də gələcək nəsillər üçün bir örnək və yaşam etalonu olacaqdır.

Keçidlər