Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

23 iyun - Dövlət qulluqçularının peşə bayramıdır

23 iyun 2021 | 16:00

Ötən əsrin sonlarında mürəkkəb bir şəraitdə yenidən dövlət müstəqilliyini qazanan Azərbaycan bir çox ölkələrin onilliklər boyu qət etdiyi inkişaf mərhələsini daha qısa zaman kəsiyində dəf etmiş, sosial-iqtisadi tərəqqi sahəsində uğurlarla zəngin bir modelin əsasını qoymuşdur. Təbii ki, sürətlə inkişaf edən Azərbaycanın beynəlxalq aləmdə öz nüfuzunu möhkəmləndirməsi ümummilli lider Heydər Əliyevin dövlət idarəetmə sistemində həyata keçirdiyi islahatlardan başlayıb. Ulu öndərin təşəbbüsü və müəllifliyi ilə hazırlanan ilk milli Konstitusiya müasir dövlət idarəçiliyinin və zəruri qanunvericilik bazasının, dövlət qulluğu sisteminin yaradılmasına təkan vermişdir.
Müstəqilliyin ilk illərində dövlətin səmərəli fəaliyyətini təmin etmək, cəmiyyətin maraqları naminə fəaliyyət göstərən, informasiyadan düzgün istifadəetmə bacarığı olan, səmərəli rəhbərlik edə bilən dövlət qulluğu sisteminin qurulması zəruri idi. Bu məqsədlə  2000-ci il iyulun 21-də “Dövlət Qulluğu haqqında” Qanun qəbul edildi. Bu qanunla dövlət qulluğu sahəsində vahid dövlət siyasətinin əsası qoyuldu. Məqsəd dövlət qulluqçularının hüquqi vəziyyəti ilə bağlı məsələləri tənzimləmək olsa da, vətəndaşların hüquq və azadlıqlarınının təmin edilməsi də dövlət qulluğunda vəzifə kimi qoyulmuşdu. Ardıcıl olaraq ölkə quruculuğu sahəsində ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi müdrik,  əvəzolunmaz tədbirlər nəticəsində  Azərbaycan dövlətinin öz siyasi dəst-xətti, dövlətçilik siması, inkişaf yolu formalaşdı.
       Ulu öndərin əsasını qoyduğu dövlətçilik konsepsiyası onun layiqli davamçısı cənab Prezident  İlham   Əliyev tərəfindən yeni təfəkkür, müasir yanaşma tərzi ilə davam etdirilir. 2005-ci ildə cənab Prezidentin fərmanı ilə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya yaradıldı. Ölkə başçısının 25 may 2006-cı il tarixli sərəncamı ilə  23 iyun- Dövlət qulluqçularının peşə bayramı günü   kimi  təsis edildi. 2007-ci ildə qəbul edilən “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında“ qanun dövlət orqanlarının və dövlət qulluqçularının etimadının yüksəldilməsi, hazırda korrupsiyaya qarşı aparılan mübarizədə önəmli əhəmiyyətə malik hüquqi sənəddir.  Ölkə başçısının 2018-ci il tarixli sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında Dövlət Qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya” ölkəmizdə dövlət qulluğunun əsas məqsədləri, dövlət qulluğu sistemində idarəçiliyin daha da təkmilləşdirilməsi, dövlət orqanlarının kadr potensialının inkişaf etdirilməsi, yüksək mənəvi, etik dəyərləri əsas tutan, bilik, bacarıq və şəxsi keyfiyyətləri ilə seçilən dövlət qulluqçularının formalaşdırılmasını başlıca vəzifə kimi qarşıya qoymuşdur. “2019-2025-ci illər üçün Fəaliyyət Planı”nın təsdiq olunması da   dövlət qulluğunun müasir standartlara uyğun tətbiqinin ölkə rəhbərliyinin nəzarəti altında olduğunu təsdiq edir.
          Əminliklə demək olar ki, artıq respublikamızda müasir tələblərə cavab verən dövlət idarəetmə sistemi qurulub, hakimiyyətin bütün qollarının funksiyaları dəqiq müəyyənləşdirilib, vətəndaşların hüquq və azadlıqlarının qorunması, həyata keçirilməsi üçün zəruri təsisatlar yaradılıb.
           Dövlət qulluqçularının peşə bayramı gününün qeyd olunması dövlət başçısının ölkəmizin demokratik, hüquqi, dinamik inkişafına təkan verən, dövlətçilik prinsiplərinə sadiq idarə edilməsinə verdiyi yüksək dəyərdir. Dövət qulluğunda çalışmaq şərəfli və məsuliyyətli bir işdir. Cənab Prezidentin: “Dövlət qulluğunda olmaq imtiyaz deyil, məsuliyyətdir, insanlara xidmətdir “- sözləri də bunu bir daha təsdiq edir. Bu gün ölkədə diqqət təkcə idarəçilik sisteminin gücləndirilməsinə deyil, həm də bu sahədə çalışacaq savadlı kadr potensialını formalaşdırmağa da yönəlmişdir. Ölkə başçısı tərəfindən dövlət idarəçəliyinin bütün istiqamətlərini əhatə edən hüquqi, institusional və kadr islahatlarına hələ 2018-ci ildən başlanılıb. Cəmiyyətdə böyük rəğbətlə qarşılanan bu  islahatların məqsədi xüsusilə idarəetmə strukturlarının işinin yenidən qurulması, idarəetmə mexanizminin daha da təkmilləşməsi, peşəkar kadrların önəmli vəzifələrə gətirilməsidir. Gənclərin, qadınların dövlət qulluğuna cəlb olunması dövlətimizin müasir, hüquqi prinsiplər əsasında idarə olunmasının göstəricilərindən biridir.
Artıq 15 ildir ki, rayonumuzun dövlət qulluqçuları da hər il dövlət başçısının diqqətindən kənarda qalmır, müxtəlif  orden və medallarla təltif olunurlar. Bu, dövlət qulluqçularına göstərilən diqqətlə yanaşı, həm də dövlət tərəfindən rayonumuzda gedən quruculuq, abadlıq, sosial-iqtisadi irəliləyişlərə verilən yüksək dəyərdir. Göstərdiyi diqqət və qayğıya görə  möhtərəm Prezidentimizə öz minnətdarlığımızı bildiririk.
Təəssüf ki,  son dövrlər bütün dünyanı bürüyən COVID-19 pandemiyası ilə əlaqədar ölkə vətəndaşlarının sağlamlığının qorunması məqsədilə kütləvi tədbirlərin keçirilməsi ləğv edilmişdir. Ölkəmizin koronovirus pandemiyası ilə mübarizə etdiyi  bu çətin dövrdə bütün peşə sahibləri kimi, dövlət qulluqçuları da öz  üzərinə  düşən məsuliyyəti  dərk edir, əzmlə çalışır,  peşə bayramlarını böyük ruh yüksəkliyi ilə qeyd edirlər.
Hər  il olduğu  kimi  bu il də rayonumuzun idarə və müəssisələrində çalışan, dövlət qulluğunda fərqlənən 6 nəfər dövlət qulluqçusu  RİH başçısı tərəfindən  fəxri  fərmanla təltif olundu.
Rayon İcra Hakimiyyəti  bütün dövlət qulluqçularını peşə bayramı münasibəti ilə təbrik edir, Vətənə, xalqa, dövlətə sədaqət hissi ilə öz vəzifə səlahiyyətlərini yerinə yetirmələri istiqamətində uğurlar arzulayır.

Keçidlər