Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsindən 52 il ötür

13 iyul 2021 | 16:00

Bu gün müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın və dövlətimizin müstəqilliyi, inkişafı naminə böyük xidmətlər göstərmiş Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlməsindən 52 il ötür.
Müasir Azərbaycan tarixindən söhbət düşəndə ilk öncə gözümüzün önündə bütün həyatını xalqının xoşbəxtliyinə həsr edən Heydər Əliyev canlanır. Özünün dediyi kimi azərbaycanlı olması ilə daim qürur duyan bu böyük şəxsiyyətin həyatının 40 ildən artıq bir dövrü ölkəmizin tərəqqisi naminə apardığı mübarizəyə həsr olunub. Odur ki, Azərbaycanın inkişaf prosesinin əsasını qoyan, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu olan Heydər Əliyev xalqımızın qəlbində daim yaşayır və yaşayacaqdır.
       Ümummilli Liderin Azərbaycan tarixinə bəxş etdiyi əzəmətli və unudulmaz günlərdən biri də 14 iyuldur.
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il 14 iyul plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilərək respublikanın rəhbəri olmuşdur. Ulu öndər keçmiş Azərbaycan SSR-in rəhbəri kimi fəaliyyətə başlayanda respublikamızın vəziyyəti heç də ürəkaçan deyildi. Azərbaycan keçmiş Sovet İttifaqı tərkibində geridə qalan respublikalardan biri idi. Məsul vəzifələrdə çoxlu sayda qeyri-millətlərin nümayəndələri işləyirdi. Ana dilimiz sıxışdırılırdı. Belə bir şəraitdə respublika rəhbəri təyin olunan Heydər Əliyev vaxt itirmədən Azərbaycanın hərtərəfli inkişafı üçün genişmiqyaslı işlərə başladı.
Azərbaycanın müstəqil dövlət quruculuğuna aparan yolu, əslində, 1969-cu ildən - məhz onun hakimiyyətə gəlişindən sonra başlamışdır. Bu mənada azərbaycançılığın ən parlaq səhifələri də elə həmin illərdən etibarən yazılmışdır. Heydər Əliyev o dövrdə mövcud olan ideologiyanın qəlibləri çərçivəsində və bu ideologiyaya, əlbəttə, aşkarda daban-dabana zidd olmayan formada olsa belə, alt qatda ona müxalif qalaraq, Azərbaycanda milli ruhun tamamən sıxışdırılmasına nəinki yol verməmiş, əksinə, onu yüksəltmək yolunda bütün imkanlardan maksimum dərəcədə istifadə etməyi bacarmışdır. Tarixi məhz bu dövrdən etibarən başlanan Heydər Əliyev idarəetmə fəlsəfəsinin başlıca istiqamətini də məhz xalqın milli özünüifadəsinin bütün forma və vasitələrinin geniş vüsət alması, milli qürur hissinin güclənməsi və milli şüurun yüksəlişinə təkan verən sürətli inkişaf strategiyasının gerçəkləşdirilməsi təşkil etmişdir.
Şəxsi təşəbbüsləri və qətiyyəti sayəsində respublikada çoxsaylı sənaye müəssisələrinin tikintisi üçün mərkəzdən vəsaitlər ayırılmasına nail oldu. Qısa bir vaxtda Azərbaycan durğunluqdan, iqtisadi tənəzzüldən qurtularaq, inkişaf etmiş kənd təsərrüfatına, sənayeyə malik qabaqcıl sovet respublikalarından birinə çevrildi. Heydər Əliyevin birinci dəfə Azərbaycana rəhbərlik etdiyi dövrün ən böyük nəticələri ondan ibarət idi ki, respublikamızda sənayeləşmə siyasəti uğurla həyata keçirilərək, güclü iqtisadi potensial yaradıldı.1969-1982-ci illər ərzində 250-dən çox zavod, fabrik, istehsalat sahələri tikilib istifadəyə verildi. Respublikanın hər yerində böyük abadlıq işləri aparılmış, elektrik stansiyaları, su kəmərləri, meliorasiya qurğuları, respublika üçün tamamilə yeni müəssisələr istifadəyə verilmiş, ən əsası, bu sahələrdə işləyə bilən güclü kadr potensialı yetişdirilmişdi. Bununla yanaşı, Azərbaycanın elmi, mədəniyyəti, incəsənəti də yeni inkişaf səviyyəsinə qaldırılmış, Azərbaycanın zəngin tarixi bütün dünyaya tanıdılmışdı. Bütün bu işləri görməklə Ulu Öndər həm də xalqın özünə, öz gücünə, qüdrətinə inamını bərpa etmişdi. Çünki o, xalqının gücünə və qüdrətinə inanır, həyatının mənasını doğma vətəninə xidmətdə görürdü.
       Ümummilli Lider cəmiyyətdə milli məfkurənin güclənməsi, dövlətçilik şüurunun yenidən formalaşması üçün hər bir azərbaycanlının yüksək təhsil almasını, elmi yenilikləri mənimsəməsini son dərəcə vacib amil hesab edirdi. Buna görə də əminliklə deyə bilərik ki, Azərbaycan tarixində ikinci maarifçilik hərəkatı məhz onun adı ilə bağlıdır. Ulu Öndərin rəhbərliyi altında təhsilin milliləşdirilməsi, dilimizin inkişafı, ictimai elmlərin tarixi xarakterinin qorunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilmişdir. Həmin dövrdə on  mindən çox azərbaycanlı gənc keçmiş SSRİ-nin qabaqcıl ali məktəblərinə təhsil almağa göndərildi. Onların əksəriyyəti bu gün müstəqil Azərbaycanın iqtisadiyyatının, elminin, təhsilinin inkişafında, dövlətçiliyinin möhkəmləndirilməsində fəal iştirak edir.
      Ulu öndər həmçinin respublika gənclərinin bilavasitə Bakıda hərbi təhsil alması üçün o zamanlar mümkün olan bütün addımları atmış, Moskvadakı bəzi qüvvələrin etirazına baxmayaraq Azərbaycanda hərbi məktəbin açılmasına nail olmuşdu. Heydər Əliyev təkcə Azərbaycanda hərbi təhsil alan gənclərin deyil, eləcə də SSRİ-nin ali hərbi məktəblərinə respublikamızdan göndərilən gənclərin böyük əksəriyyətinin məhz azərbaycanlı yeniyetmələr olmasını xüsusi diqqət mərkəzində saxlayırdı.
        Hakimiyyətə gəldiyi ilk günlərdən Heydər Əliyevin gələcəyə hesablanaraq dövlət quruculuğunun əsasını təşkil edən strateji proqramında Azərbaycan dili ayrıca diqqət mərkəzində idi. Ümummilli liderin respublikaya rəhbərliyi dövründə Azərbaycan dilinə həqiqi dövlət dili statusu qazandırmağa yönəlmiş fəaliyyətinin bəhrəsidir ki, 1978-ci il Konstitusiyasında Azərbaycan dilinin dövlət dili statusu təsbit olundu. Dövr baxımından sözün əsl mənasında qəhrəmanlığa bərabər belə bir addım məhz gələcəyin müstəqil yeni Azərbaycanı naminə atılmışdı. Azərbaycan dilinin idarəçilikdə geniş tətbiqi, demək olar ki, bütün böyük klassiklərin ittifaq miqyasında yubileylərinin keçirilməsi, Azərbaycan mədəniyyətinin ümumittifaq miqyasda ön mövqelərə çıxması, elmi, ədəbi, mədəni abidələrin planlı tədqiqi və nəşri - bütün bunlar Heydər Əliyevin gələcək dövlətçiliyimizin ideya təməlində dayanan siyasətinin əməli nəticələridir.
Ulu Öndərin Azərbaycanda rəhbər seçilməsi xalqımızın taleyində əhəmiyyətli dönüşün başlanğıcı, eyni zamanda ölkəmizin sürətli və uzunmüddətli inkişafının əsasının qoyulduğu tarixdir. Daim doğma xalqının böyük təəssübkeşi olmuş Heydər Əliyev o mürəkkəb tarixi şəraitdə ölkəmizi keçmiş ittifaqın ən qabaqcıl respublikalarından birinə çevirərək əslində  gələcək müstəqil və güclü Azərbaycanın əsasını qoymuşdur.
Ulu Öndər Heydər Əliyevin hakimiyyətinin birinci dövründə yaradılmış iqtisadi potensial sonrakı mərhələlərdə - müstəqillik illərində Azərbaycan üçün çox əhəmiyyətli rol oynadı. Hakimiyyəti illərində Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi daxili siyasət sayəsində ölkəmizdə milli özünüdərk, özünəqayıdış, vətənpərvərliyin gücləndirilməsi baxımından əhəmiyyətli addımlar atıldı. Azərbaycançılıq şüurunun inkişafı, tariximizin öyrənilməsi, yerli kadrların yetişdirilməsi, o cümlədən milli ruhun yüksəldilməsi istiqamətində keçirilmiş bir çox tədbirlər sonrakı dövrdə bizim üçün, millətimiz üçün, dövlətimiz üçün çox ciddi rol oynadı.
XX əsrin sonlarında yenidən müstəqillik qazanmaq kimi tarixi fürsəti əldə edən Azərbaycan qısa vaxtdan sonra onun itirilməsi təhlükəsi ilə üzləşdi. Ölkədə hakimiyyət böhranı 1993-cü ilin iyununda kulminasiya həddinə çatdı, xaos və anarxiya respublikanı bürüdü. Vətəndaş müharibəsi dərəcəsinə yüksəlmiş qarşıdurma nəinki dövlət müstəqilliyimizi, hətta milli varlığımızı belə birbaşa hədəfə aldı. Beləliklə, 1991-1993-cü illər ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq  dövrü kimi xatırlanır. Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən davamlı işğalı, getdikcə gərginləşən siyasi vəziyyət, əhalinin gündən-günə ağırlaşan sosial durumu ölkəni bu bəlalardan xilas edə biləcək liderə ehtiyac olduğunu şərtləndirirdi. Cəmiyyətin bütün təbəqələri əmin idi ki, müstəqilliyini yenicə bərpa etmiş ölkəni düşdüyü ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət məhz Heydər Əliyevdir. Xalqımız dahi liderin ətrafında sıx birləşməklə öz gələcək taleyini özü həll etmək niyyətində idi. Beləliklə, 1993-cü il iyunun 9-da ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə Bakıya qayıtdı.
İyunun 15-də Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçildi. Ulu Öndər böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü.“Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır”, – deyən Ümummilli Lider problemlərin həlli üçün ölkədə vətəndaş həmrəyliyini, sabitliyi son dərəcə vacib sayırdı. Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu. Bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Həmin il “olum, ya ölüm” ayrıcında qalmış Azərbaycan Heydər Əliyevin yorulmaz fəaliyyəti nəticəsində gələcəyə inamla baxan qüdrətli bir dövlətə çevrildi.
      1993-cü il oktyabrın 3-də Ümummilli Lider xalqımızın böyük əksəriyyəti tərəfindən ölkə Prezidenti seçildi. Heydər Əliyev milli dövlətçiliyimizin inkişaf konsepsiyasını yaratdı. Bütün maneələrə baxmayaraq ən qısa müddətdə ölkədə ictimai-siyasi sabitlik bərpa olundu.
        Ümummilli Liderin müdrikliyi və qətiyyəti sayəsində Azərbaycan müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməyə başladı. Respublikanın qarşısında duran problemlər mərhələlərlə həll olundu, əmin-amanlıq, siyasi sabitlik yarandı. İctimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatda əsaslı dönüş başlandı, xalqımızın bütövlüyü, həmrəyliyi, milli birliyi təmin edildi.Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə baş vermiş sosial-iqtisadi və siyasi inkişaf dövlətimizin möhkəmlənməsində, sivil dünyaya sıx inteqrasiya prosesinə qoşulmasında və xalqımızın strateji mənafelərini təmin edən modern cəmiyyətin qurulmasında həlledici rol oynadı.
        Milli Ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir olan nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atılmağa başlandı,  bütün siyasi və diplomatik vasitələrin işə salınması ilə 1994-cü ilin may ayında həyati əhəmiyyət kəsb edən atəşkəs əldə edildi. Atəşkəsin həyati əhəmiyyəti onda idi ki, məhz bu müqavilədən sonra ölkəmizin dünya birliyinə inteqrasiyası sürətləndi. Ölkə daxilində yaranmış nisbi sabitlikdən, həmçinin beynəlxalq aləmdə Azərbaycana münasibətdə artan inam və maraqdan istifadə edərək 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi”nin imzalanması və onun gerçəkləşdirilməsi də məhz Ulu öndər Heydər Əliyev tərəfindən işlənib hazırlanan və müstəqil Azərbaycanın neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür. Heydər Əliyevin rəhbərliyi ilə respublikamız qədim İpək Yolunun bərpası, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz xətlərinin çəkilişi kimi qlobal layihələrin fəal iştirakçısına və təşəbbüskarına çevrildi. Həyatın bütün sahələrində tərəqqi və dirçəliş baş verdi. Heydər Əliyev dühasının xidmətləri olan bu nailiyyətlər Azərbaycanı məhv olmaqdan qurtardı, müstəqilliyimizi daimi, əbədi, sarsılmaz, dönməz etdi.
Ulu öndər Heydər Əliyev Azərbaycanı qüdrətli, nüfuzlu, demokratik dövlət kimi görmək istəyirdi, onun hər addım və hərəkətləri məhz buna yönəlmişdi. Məhz Ümummilli Liderin uzaqgörən siyasəti nəticəsində 1995-ci ilin noyabrında demokratik, hüquqi dövlətin təməlini təşkil edən Konstitusiya qəbul olundu. Beləliklə, ölkədə daha geniş miqyaslı islahatların aparılması üçün normativ-hüquqi bazanın formalaşdırılmasına başlandı.
       Bu il Azərbaycan müstəqilliyinin 30-cu ilini yaşayır. Ötən illər ərzində Azərbaycan böyük inkişaf yolu keçib. Ölkəmizin inkişaf strategiyası məhz Ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilib. Bugün isə, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə iri iqtisadi layihələr uğurla həyata keçirilir. Yaxın zamanda TANAP və TAP kəmərləri vasitəsilə Avropaya qazın nəql edilməsi ilə, ölkəmizin gəlirləri daha da artacaq və Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verəcək. Artıq Azərbaycan həmdə orbitdə özünün telekommunikasiya peyki olan azsaylı ölkələrdən biridir. 
     Bu siyasəti uğurla həyata keçirməsi nəticəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib, eyni zamanda Cənubi Qafqazın lideri statusunu daşıyır. Tam müstəqil siyasət yürütməsi də respublikamızın beynəlxalq imicinə müsbət təsir edən əsas amillərdəndir. Ən əsası da odur ki, indi Azərbaycan tarixinin ən qüdrətli dövrünü yaşayır.
      Bugün ölkəmizdə bütün sahələrdə hiss edilən inkişaf ordu quruculuğu sahəsində də özünün ən yüksək zirvəsinə çatmışdır.
      Ulu öndər bu gün cismən aramızda olmasa da onun ruhu çox şaddır. Dahi liderin arzuları reallaşdı, Azərbaycan öz tarixi torpaqlarına qovuşdu. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın sözdə yox, əməldə real və məğlubedilməz ordusu Ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını almaq, işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə sentyabrın 27-dən etibarən zəfər yürüşünə başladı. 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu Ermənistanın 30 il ərzində Qarabağda qurduğu istehkamları darmadağın etdi, işğal altındakı torpaqları  düşmən əsarətindən azad etdi. Noyabrın 8-də Azərbaycan xalqı heç zaman yaşamadığı sevinci və fəxarət hissini yaşadı, 28 illik həsrətdən sonra böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edildi. Ali Baş Komandan İlham Əliyev "Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur" – deyən Ulu Öndərin vəsiyyətini həyata keçirdi, xalqımıza Qələbə sevincini yaşatdı. Vətən müharibəsində dərindən düşünülmüş hərbi strategiya, döyüş əməliyyatlarının məharətlə həyata keçirilməsi Azərbaycanın müstəqil dövlət və ordu quruculuğunu tam təsdiq elədi. Bu Qələbə  Azərbaycanın beynəlxalq mövqelərinin daha da möhkəmlənməsində, nüfuzunun yüksəlməsində böyük rol oynadı.
        Cənab Prezident İlham Əliyevin 44 gün ərzində xarici mediada haqq səsimizi ucaltması, xalqa müraciətlərində səsləndirdiyi sözlər hər bir azərbaycanlıda böyük sevinc və qürur hisləri yaratdı. Bu tarixi qələbə, zəfər bayramını bizlərə yaşadan Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı ölkə Prezidentimiz, müzəffər Ali Baş Komandanımız İlham Əliyevin qətiyyəti, siyasi iradəsi, güclü ordumuz, igid, rəşadətli əsgər və zabitlərimizdir.
Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında müstəsna xidmətləri, ölkəmizin müstəqilliyinin qorunub möhkəmləndirilməsində, demokratik hüquqi dövlətin qurulmasında və onun hərtərəfli inkişafında misilsiz fəaliyyəti xalqımız tərəfindən daim fəxr hissi ilə qeyd olunaraq, əziz xatirəsi böyük məhəbbətlə, ehtiramla yad edilir.
     Nə qədər ki qədirbilən xalqımız var, nə qədər ki müstəqil Azərbaycan var ulu öndər daima qəlblərdə yaşıyacaq, xatirəsi ehtiramla anılacaqdır.

Keçidlər