Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Qurban bayramınız mübarək olsun

20 iyul 2021 | 16:00

     Bugün Müqəddəs Qurban bayramıdır. Bütün dünya müsəlmanları tərəfindən qeyd edilən bu bayram İslam dininin ən müqəddəs bayramlarından biri hesab olunur. Bəşəriyyəti sülhə, ədalətə, bərabərliyə səsləyən İslam dini öz bayramları ilə insanlar arasında mərhəməti, həmrəyliyi, xeyirxahlığı təcəssüm etdirir.
     Çətin və böyük siyasi təzyiqlərə, mürəkkəb tarixi şəraitlərə baxmayaraq sovet dönəmində bele bu bayram xalqımız tərəfindən qeyd olunmuşdur.  Müstəqillik bərpa edildikdən sonra isə dövlətimiz tərəfindən yüksək qiymətləndirilən Qurban bayramı rəsmi şəkildə qeyd olunur. Azərbaycan yeganə ölkədir ki, burada mövcud olan bütün dinlərin nümayəndələri üçün azad və bərabər imkanlar yaradılıb, tolerantlıq bütün tərəfləri ilə bərqərar olub. İstər xristian, istər yəhudi, istərsə də İslam dininə aid dini ayinlər sərbəst şəkildə icra olunur və bayramlar qeyd edilir. Bu mötəbər günlərdə dini konfessiyaların nümayəndələri vahid Azərbaycan xalqının birlik və qardaşlığını nümayiş etdirir, bir-birilərini təbrik edirlər. Bu da vahid xalqımızın mənəvi birliyinin əlamətidir.
    Dinimizə böyük dəyər verən Ulu öndər Heydər Əliyevin hakimiyyəti illərində məscidlər tikilmiş, dini ibadətgahlar, müqəddəs məkanlar bərpa edilmiş, müqəddəs  dini bayramlarımız yüksək səviyyədə qeyd olunmuşdur. Ulu öndər dini bayramlar zamanı  həmişə xalqın yanında olmuş, onları təbrik etmişdir.
Bu ənənə bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Cənab Prezidentin rəhbərliyi ilə Azərbaycan İslam mədəniyyətinin inkişafına, tolerantlıq mühitinin formalaşmasına, İslam dəyərlərinin dünyada təbliğinə nümunəvi töhfələr verir. 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edilməsi bunun əyani sübutudur. Bundan başqa, 2009-cu ildə Bakı şəhərinin, 2018-ci ildə isə Naxçıvan şəhərinin İslam mədəniyyətinin paytaxtı elan olunması Azərbaycanın İslam dininə və mədəniyyətinə verdiyi dəyərin bariz nümunəsidir.
   Qədim tarixə və mədəniyyətə malik olan xalqımız İslam dünyasının bir parçası kimi bu bayramı dini qaydalara uyğun olaraq hər il böyük Allah sevgisi ilə qeyd edir, qurbanlar kəsir, xeyirxah əməllər təbliğ olunur.
Bu bayram günündə ehtiyacı olan şəxslərə, həssas əhali qruplarına, uşaq və qocalar evlərinə yardımlar edilir. Bu xeyriyyə işində Heydər Əliyev Fondunun və Fondun prezidenti, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın xidmətləri əvəzsizdir.
    Hər il Qurban bayramında xalqımız Uca Yaradandan torpaqlarımızın işğaldan azad olunmasını, məcburi köçkünlərin öz ata-baba yurdlarına qayıtmasını diləyərək, arzu edirdilər.
Allaha şükürlər olsun ki, bu ilki Qurban bayramını 30 illik Qarabağ həsrətinin sonu, illər boyu etdiyimiz duaların qəbul olduğunu bildirən Zəfər müjdəsi kimi qarşılayırıq.
Prezidentimiz, müzəffər Ali Baş Komandanımız İlham Əliyevin qətiyyəti, siyasi iradəsi, xalqımızın birliyi və güclü ordumuzun əzmi ilə 44 gün ərzində işğal altındakı torpaqlarımız  düşmən əsarətindən azad olundu. Qazanılan Zəfər xalqımızın qurbanlarının və dualarının qəbul olunduğunun göstəricisidir.
     Qəhrəman Azərbaycan əsgərinin işğaldan azad olmuş ərazilərdə dövlətimizin üçrəngli bayrağını ucaltması, Şuşa və Ağdam məscidlərinin minarələrindən azan səsinin eşidilməsi İlahi ədalətin təcəssümüdür.
    Allah Vətən uğrunda, bu şanlı zəfər yolunda canlarından keçmiş, uca şəhidlik məqamına yüksəlmiş övladlarımıza rəhmət eləsin, qəhrəman qazilərimizə şəfa bəxş etsin!
Təəssüflər olsun ki, əvvəlki illərdən fərqli olaraq, bu il də respublikamızda pandemiya səbəbindən insanlar bayramı bir qədər fərqli qeyd edirlər. Lakin dövlətimiz  tərəfindən görülən  qabaqlayıcı  tədbirlər  deməyə  əsas  verir  ki, tezliklə bütün  bayramlarımızı  adət-ənənələrimizə uyğun, yüksək səviyyədə  qeyd  edəcəyik.
     Rayon İcra Hakimiyyəti rayon ictimaiyyətini dünya müsəlmanlarının böyük təntənə ilə qeyd etdiyi müqəddəs Qurban bayramı münasibəti ilə səmimi qəlbdən təbrik edir, ailələrinə xoşbəxtlik, süfrələrinə bol ruzi və xeyir-bərəkət arzulayır.
Bayramınız mübarək!

Keçidlər