Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

USAID-in dəstəyi ilə Qaradolaq kəndinin əhalisinin texniki su təminatı yaxşılaşdırılıb

04 avqust 2021 | 16:00

      Azərbaycan hökuməti, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) və yerli icma arasında əməkdaşlıq çərçivəsində rayonun Qaradolaq kəndində “Texniki su təminatının yaxşılaşdırılması” layihəsinin icrası uğurla başa çatıb. USAID-in ölkəmizdə həyata keçirdiyi “Sosial-İqtisadi İnkişaf Fəaliyyəti” (SEDA) proqramı çərçivəsində kəndə yeni su xətti çəkilib, 40-dək ailənin texniki su ilə təminatı daha da yaxşılaşdırılıb.
      Layihənin icrasının başa çatması münasibətilə avqustun 4-də Qaradolaq kəndində mərasim keçirilib. Tədbirdə ABŞ-ın ölkəmizdəki səfiri Li Litzenberqer, rayon rəhbərliyi, USAID-in nümayəndələri və kənd icmasının üzvləri iştirak ediblər.
     Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev çıxış edərək, ölkəmizdə, eləcə də rayonda həyata keçirilən quruculuq işlərindən, yeni infrastruktur layihələrindən danışıb. Diqqətə çatdırılıb ki, müxtəlif təşkilatların və yerli icmaların birgə tərəfdaşlığı çərçivəsində indiyədək rayonda sosial obyektlərin tikintisi, təmiri, yol infrastrukturu ilə bağlı 46 layihə həyata keçirilib. O cümlədən, SEDA proqramı çərçivəsində Qax rayonunda 8 layihənin icrasına başlanılıb və onlardan 6-sı artıq yekunlaşıb.
      Tədbirdə ABŞ-ın ölkəmizdəki səfiri Li Litzenberqer çıxış edərək deyib: “Qaradolaq kənd icmasında yeni su xəttinin açılışında iştirak etməkdən çox şadam. Bu layihə kənd icma üzvləri tərəfindən seçilib, yerli hökumət tərəfindən dəstəklənib və əməkdaşlıq şəraitində həyata keçirilib. Bu uğurlu layihədə tərəfdaşlarımız olan İqtisadiyyat Nazirliyinə, rayon icra hakimiyyəti və yerli bələdiyyə orqanına göstərdikləri hərtərəfli dəstəyə görə, həmçinin icma ilə birlikdə işləyərək bu layihəni uğurla başa vuran Şərq-Qərb İdarəetmə İnstitutuna təşəkkür edirəm. Su həyat deməkdir. Qaradolaq kimi ucqar kəndlər və onların sakinləri üçün su təkcə həyat deyil, həm də iş yerləri deməkdir. Böyük fəxarət hissi ilə bu layihədə əməyi olan hər kəsə təşəkkürü edirəm. Çünki bu layihə həm sakinlərin həyat şəraitini yaxşılaşdıracaq, həm də, ən önəmlisi, iqtisadi inkişafa gətirib çıxaracaq”.
    Çıxışlardan sonra tədbir iştirakçıları layihə çərçivəsində görülən işlərlə tanış olublar.
    Məlumat verilib ki, mövcud subartezian quyusundan kəndə müxtəlif diametrli polietilen borularla 3690 metr uzunluğunda boru xətti çəkilib, kəndin içərisində 2 ədəd 10 tonluq su çənləri qoyulub. Layihədən kəndin 200 nəfərədək sakini yararlanacaq.

Keçidlər