Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Qaxda qida yarmarkası təşkil olunub

11 sentyabr 2021 | 16:00

           Avropa İttifaqının maliyyə dəstəyi ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən həyata keçirilən “Azərbaycanın şimal-qərb bölgəsində dayanıqlı və inklüziv aqro-ərzaq sistemlərinin inkişaf etdirilməsi” layihəsi çərçivəsində sentyabrın 11-də Qax şəhərində yerli qida yarmarkası təşkil olunub.
           Layihənin məqsədi kiçik kənd təsərrüfatı sahibkarlığını dəstəkləyən səmərəli və inklüziv aqro-ərzaq sistemlərini inkişaf etdirməkdir. Layihə bu bölgə üzrə geniş istehsal dairəsi olan fındıq əzməsi, xurma qurusu və bəkməzi, bal, qoz mürəbbəsi, qaxac ət məhsullarının istehsalını dəstəkləməklə dəyər zənciri formalaşdırır.
          “İçəribazar” Turizm Mədəniyyət Mərkəzində təşkil edilən yarmarkaya yerli qida hazırlanması ilə məşğul olan kiçik istehsalçıların məhsulları çıxarılıb. Sərgi-yarmarkada layihədən yararlanan 19 istehsal qrupunun 100-dən çox adda məhsulu nümayiş edilib, eyni zamanda, satışı təşkil olunub. Sərgidə iştirak edən yerli sakinlər, həmçinin turistlər və digər qonaqlar fındıqdan yalnız bu bölgəyə xas müxtəlif şirniyyatları, meyvə qurularını, qaxac ət və qaxac dolmasını, onlardan hazırlanan xörəkləri, geniş çeşiddə mürəbbələri və digər təamları dadmaq, eləcə də satın almaq imkanı əldə ediblər.
          Layihə çərçivəsində 200-dən artıq benefisiara biznes planın hazırlanması, xərclərin hesablanması, brendləşmə, kooperativ fəaliyyət, qida təhlükəsizliyi, aqrar turizm və digər mövzularda təlimlər keçirilib. Növbəti mərhələdə istehsalçılara avadanlığın təqdim edilməsi, bazara çıxışla bağlı kömək göstərilməsi nəzərdə tutulub.
         Layihə çərçivəsində növbəti qida yarmarkası sentyabrın 12-də Qax rayonunun İlisu kəndindəki “Səngər Qala” otelində təşkil olunacaq.


Keçidlər