Qax
QAXDA MİLLİ QURTULUŞ GÜNÜ QEYD OLUNMUŞDUR
Qax Rayon İcra Hakimiyyətinin akt zalında 15 iyun - Milli Qurtuluş Gününə həsr olunmuş yığıncaq keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzi meydanında ucaldılmış abidəsi önünə gül-çiçək dəstələri düzmüş, xatirəsini ehtiramla yad etmişlər.
Yığıncağı giriş sözü ilə rayon İcra hakimiyyətinin başçısı Musa Şəkiliyev açaraq tədbir iştirakçılarını əlamətdar tarixi gün münasibətilə təbrik etmiş, 1993-cü il iyunun 15-nin Azərbaycanın müstəqil dövlət kimi tərəqqisinin başlanğıc günü kimi, tariximizə qızıl hərflərlə əbədi həkk olunduğunu xüsusi vurğulamışdır. Bildirilmişdir ki, 17 il əvvəl xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev dövlətçiliyimizin qorunmasını, müstəqilliyimizin əbədiliyi və dönməzliyini təmin etmişdir.
Yığıncaqda YAP rayon təşkilatının sədri Nizami Əhmədovun “15 iyun tariximizin parlaq səhifəsidir” mövzusunda məruzəsi dinlənilmişdir. Məruzədə ötən əsrin 90-cı illərində respublikamızın ictimai-siyasi həyatında baş verən hadisələr geniş təhlil olunmuş, məhz ulu öndərin müdrikliyi və qətiyyəti sayəsində ölkəmizdə vətəndaş qarşıdurmasına son qoyulduğu, Azərbaycanın müstəqilliyinin məhv olmaq təhlükəsindən qurtararaq qüdrətli dövlətə çevrildiyini vurğulamışlar.
17:12 / 12.06.2010
Çap et